DataLife Engine / Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur

Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur

Vəzifəli şəxs qurumla əmək münasibətlərinə və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 il müddətində nəzarət etdiyi, hüquqi və inzibati aktlar qəbul etdiyi və müqavilələr bağladığı özəl sektor subyektində işləyə bilməyəcək.

Bu Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxslərin şəxsi maraqlarının xidməti vəzifələrinin icrasına təsir göstərməsinin qarşısının alınması, maraqlar toqquşması risklərinin müəyyən edilməsi və aradan qaldırılması üçün bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Sənəddə, həmçinin vəzifəli şəxslərin şəxsi maraqlar haqqında bəyannamə təqdim etməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər, hədiyyə və ianələrin qəbulu, dövlət satınalmalarında iştirak və xidməti məlumatlardan istifadə qaydaları müəyyənləşdirilir.

Vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz. Vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın. İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Konstitusiya və qanunlara uyğun məşğul ola bilər.

Vəzifəli şəxs reklamla məşğul ola və şəxsi maraq, o cümlədən hər hansı haqq əvəzinə sahibkara, onun istehsal və ya idxal etdiyi mala (gördüyü işə və göstərdiyi xidmətə) münasibət bildirə bilməz.

Vəzifəli şəxs qulluq funksiyalarının icrası ilə bağlı xidməti məlumatlardan, xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi qanunla qorunan sirlərdən işlədiyi müddətdə və vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün, o cümlədən özünün, yaxud üçüncü şəxslərin xeyrinə istifadə edə bilməz.

Vəzifəli şəxs dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün istifadə edə bilməz.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
Bu gün, 14:39
Вернуться назад