"Qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlər də göstərilmir, əmlakın bazar dəyəri xeyli aşağı düşür”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Zahid Oruc bildirib ki, Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırma problemin əsl miqyasını göstərir: "Birinci nəticə odur ki, söhbət müvəqqəti tikililərdən getmir, on illərlə formalaşan yaşayış massivlərindən gedir. Sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, daha 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Yəni ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb”.
Komitə sədri araşdırmanın sosial mahiyyətinin də çox önəmli olduğunu vurğulayıb: "Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400-1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir. Uzun müddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq.
Sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51-150 kvadratmetr ölçüsünə malik fərdi yaşayış sahələridir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz”.
Onun sözlərinə görə, 2023-cü ilədək tikilən sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub: "100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib.
Ölkəmizdə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır”.