TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib

TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib

TƏBİB-ə bağlı qurumların keçirdikləri tenderlər ard-arda ləğv edilir. 

Fakt.info Tribunainfo.az xəbər verir ki, təkcə son iki gündə ləğv edilən tenderlərin sayı 4-ü keçib.
Belə ki, ləğv olunan müsabiqələrdən biri Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aid olub. Təhlükəsizlik kameralarının alınması və quraşdırılması ilə bağlı olan müsabiqənin dəyəri 98.910 manat təşkil edib. Ləğvinə səbəb isə tender qaydalarının pozulması göstərilib.
İkinci ləğv edilən tender isə Sumqayıt Tibb Mərkəzinin olub. Tribunainfo.az xəbər verir ki, yanğın söndürən balonların doldurulmasını həyata keçirmək üçün 10.584,60 manat pul ayrılsa da, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunu qanuni qəbul etməyib. Bu səbəbdən də protokol tərtib edərək, nəticələri ləğv edib.
Üçüncü bu kimi aqibətlə isə Sabunçu Tibb Mərkəzi üzləşib. Maşın və avadanlıqların satın alınmasını ilə bağlı keçirilən müsabiqənin dəyəri 187.720,30 manat təşkil edib. Mərkəz paltaryuyan maşından tutmuş, digər məişət avadanlıqları almaq istəyib. Lakin Dövlət Xidməti bununla da bağlı protokol tərtib edib.
Sonuncu ləğv olunan isə katirovka sorğusu olub. Qəbələ Mərkəzi Xəstəxanasının 2669 manata yanğınsöndürən balonların doldurulması xidmətinin satınalınması ilə bağlı sorğu məqbul hesab edilməyib.
Qeyd edək ki, avqustun sonlarından indiyə qədər AİİBNX TƏBİB-in yüzdən çox tenderini ləğv edib. Maraqlı odur ki, ləğv edilən tenderlərin hamısında “Dövlət satınalmaları haqqında” qanunun əsas müddəalarının pozulması müşahidə olunub.