Kuklaçılar Aygün Attarla görüşdü - FOTOLAR

Kuklaçılar Aygün Attarla görüşdü - FOTOLAR

Aprelin 21-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor, tanınmış alim  Aygün Attar IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Türkiyədə səfərdə olan  Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri ilə görüş keçirdi.

Fondun binasında baş tutan görüşdə çıxış edən teatrın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qəbul və xoş münasibət üçün kollektiv adından Aygün xanıma dərin təşəkkürünü bildirdi.
Vurğuladı ki, türk dünyasının tanınmış alimi, ictimai-siyasi xadimi, professor, ləyaqətli Vətən qızı, Azərbaycanın Türkiyədəki qüruru  Aygün Attar nümunəvi həyat yolu və dolğun fəaliyyəti ilə bir çoxlarımız üçün örnəkdir.

Daha sonra onun çoxşaxəli fəaliyyətində  maddi-mənəvi dəyərlərin təbliği işinin mütəşəkkil təşkilinin də daim ön planda olduğuna diqqət çəkdi.
 
Bu mənada  mədəniyyət sahəsi və sənət adamlarına xüsusi sevgi, həssaslıqla yanaşır.
A. Attarın iki dost, qardaş ölkə arasında böyük mənəvi  körpü olduğunu dilə gətirən R. Əhmədzadə ona şərəfli  fəaliyyət yolunda böyük uğurlar arzuladı.
Öz növbəsində bu görüşdən məmnun olduğunu deyən A. Attar milli mədəniyyətimiz, onun əsas qollarından olan teatrımızın təşəkkülü  üçün ölkə sərhədlərindən kənarlarda daha geniş müstəvidə təbliğini vacib saydı. Bu mənada festival və sənət mübadiləsi xarakterli bu kimi tədbirlərin intensivliyinə diqqət çəkdi, festivalın işinə uğurlar arzuladı. 

Bir əsrə yaxın zəngin və dolğun tarixi yol keçən, fəaliyyətini Vətən balalarının maariflənməsi və yüksək sənət zövqündə yetişməsi yönündə quran Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinə bu şərəfli yolda uğurlar arzuladı.
Teatrın mətbuat xidməti.