“Qlobal Cənub yüksəlir: Bandunq ruhu və suveren gələcək üçün mübarizə” mövzusunda panel müzakirə təşkil olunub

“Qlobal Cənub yüksəlir: Bandunq ruhu və suveren gələcək üçün mübarizə” mövzusunda panel müzakirə təşkil olunub

2025-ci il aprelin 29-da Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransında “Qlobal Cənub yüksəlir: Bandunq ruhu və suveren gələcək üçün mübarizə” mövzusunda panel müzakirə təşkil Fakt.info xəbər verir ki, müzakirədə həmmoderator qismində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva, idarəçilik məsələləri üzrə beynəlxalq səviyyəli ekspert Carlyle G.Corbin çıxış ediblər. 
Qeyd olunub ki, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri” dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.
BMT-nin “Cənub-Cənub əməkdaşlığı” proqramının təmsilçisi, Hindistan əsilli Pradeep Paulose, Qətərin Araşdırma və Siyasi Tədqiqatlar üzrə Ərəb Mərkəzinin Strateji tədqiqatlat bölməsinin rəhbəri, təhlükəsizlik və hərb məsələləri üzrə ekspert, professor Omar Ashour, Somali prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, BMT mandatlı Sülh Universitetinin nümayəndəsi Mohamed Osman, Zimbabvenin gənclər səfiri Abiel Elson, Efiopiyanın “Hamı üçün Ədalət Hərəkatı”nın şöbə müdiri Getahun Mosissa, Beninin “Gələcək QHT-lər üçün gələcək” təşkilatının qurucusu və rəhbəri Salem Ayenan və digərlərinin çıxışlarında xüsusi vurğulanıb ki, dünya nizamı dəyişir, çoxtərəflilik dəyərləri aşınmamalıdır. 
Müzakirələrdə Vanuatunun “Melanesian Spearhead Group” təşkilatının nümayəndəsi Balkonan Richard, Qəmər adalarının Mayotte Azadlıq Liqasının prezidenti Mohammoud Mouhidine Azərbaycanın müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd etməsini, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab etməsini yüksək qiymətləndiriblər.
P.Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində də vurğulandığı kimi Azərbaycan Qlobal Cənubun üzləşdiyi problemləri dərindən anlayır, bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə çağırır. 
Müzakirələrdə çıxış edən QHT təmsilçiləri Azərbaycanı ölkələrin daxili işlərinə qarışmayan, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət bəsləyən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkə kimi xarakterizə ediblər.
Müzakirələrdə yeni, ədalətli dünya düzəni qurmaq üçün QHT-lərin səylərini birləşdirməsinin vacibliyi diqqətə çatdırılıb.