Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edildi

Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edildi

Mərkəzi Bankın sədrinin müşaviri Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.

Fakt.info xəbər verir ki, bu barədə Ziya Əliyev özü məlumat verib.

Qeyd edək ki, Ziya Əliyev bu ilin fevral ayında Mərkəzi Bankın sədrinin müşaviri təyin edilmişdi.
Bundan əvvəl isə o, Mərkəzi Bankın Baş direktoru vəzifəsində çalışıb.

Ziya Zəfər oğlu Əliyev 11 fevral 1977-ci ildə Masallı rayonu, Ərkivan kəndi, Abbaslı məhəlləsində anadan olub. 
Z.Əliyev 1994-cü ildə Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbin bitirib.
O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlayan Ziya Əliyev, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləyib.
O, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini, 2008-2009-cu illərdə isə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifələrində çalışıb.
Z.Əliyev 2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində “İqtisadi siyasət” ixtisası üzrə magistr dərəcəsinə yiyələnərək, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləyib.
Ziya Əliyev 2013-cü ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə, 
2025-ci ilin fevral ayında isə Mərkəzi Bankın sədrinin müşaviri təyin edilmişdir.
Ziya Əliyev 2025-ci ilin may ayında Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.
Hazırda həmin vəzifəni icra edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə  Ziya Zəfər oğlu Əliyev “Tərəqqi” medalı ilə təltif olunub. 
Ziya Əliyev eyni zamanda elmi işlə də məşğul olur. Bir müddət ADİU-da müəllim kimi çalışan Z.Əliyev hazırda AMEA İqtisadiyyat institutunda "Azərbaycanda İnkluziv iqtisadi inkişaf modelinin formalaşdırılması" mövzusunda dissertasiya üzərində çalışır.
Ailəlidir, 2 övladı var.
Cəfər Cəfərov