Əlövsət Poladın “Ölümə hazırlıq” adlı kitabının təqdimat mərasimi keçirilib

Əlövsət Poladın “Ölümə hazırlıq” adlı kitabının təqdimat mərasimi keçirilib

İyunun 30-da Neftçala rayon Mərkəzi Kitabxanasında  qələm sahibləri, rayon ziyalıları və oxucuların iştirakı ilə yazıçı-publisist Əlövsət Poladın yeni çapdan çıxmış “Ölümə hazırlıq” adlı kitabının təqdimat mərasimi keçirilib.  

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirin aparıcısı Nəzakət Məmmədova Əlövsət Poladın həyatının 82 ilini arxada qoyduğu ömür  salnaməsində bəhrəli fəaliyyətindən, narahat hiss və duyğularının əks olunduğu yaradıcılığından danışıb. Müəllifin yeni kitabı  haqqında məlumat verərək xatirələr, məktublar, qeydlər və məqalələrin əks olunduğu  nəşrdən bəzi önəmli parçaları iştirakçıların nəzərinə çatdırıb. Qeyd olunub ki, təqdim olunan  kitabda  vətən sevgisi ilə əbədiləşən qəhrəman şəhidlərimiz, süngü ilə tarix yazan igid qazi və veteranlarımız haqqında müfəssəl məlumatlar da öz əksini tapmışdır. 
Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova yazıçıya  Neftçala rayon İcra Hakimiyyətinin başçısı  Mirhəsən Seyidovun təbrikini çatdıraraq yeni işıq üzü görmüş kitabı münasibətilə təbrik edib. Gövhər xanım həm də Əlövsət Polad haqqında ürək sözlərinə “Yaşamaq istəyirəm”adlı şeiri ilə ruh qataraq müəllifi, yaxınlarını və doğmalarını daha da duyğulandırıb.    
           
Çıxışçılar - Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktor müavini Gülxanım  Abdulhüseynova, tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, yazıçı-Böyükağa Məmmədov, şairə-Gülqədəm Mirzəzadə,  şair-Fərhad Əzizbəyli, publisist-Ələkbər Zahidov, şair-Məmməd Məmmədov, həkim-Qurbanxan Pirəliyev, jurnalist-Müslüm İsmiyev, tarixçi-Tarıverdi Hüseynov, uzun illər rayonda mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışmış Cahangir Abdullayev, iqtisadçı-Fikrət Əliyev  və ustad xanəndə Hacıbaba Hüseynovun yetirməsi Rövşən Bəşirov Əlövsət Polad haqqında səmimi fikirlərini söyləyiblər. Onun vətənə olan uca məhəbbətindən, yüksək vətəndaşlıq keyfiyyətindən, yaradıcılığından, Neftçalanın tarixi, həmçinin rayonun ictima-siyasi simaları, ədəbi aləmi haqqında yazdığı əsərlərindən, həyatının çox hissəsinin bəhrəsi olan  jurnalistik fəaliyyətindən  söhbət açıblar. 

Tədbirdə yazıçının qızları Arzu xanım və Natəvan xanım çıxışlarında atalarının böyük zəhmət hesabına, gözünün nuru, qəlbinin süzgəcindən keçən hisslərlə ərsəyə gətirdiyi kitabı haqqında kövrək duyğularını paylaşıblar. Əlövsət Polada göstərilən diqqət və rəğbətə görə iştirakçılara və kitabxana əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.  

Sonda müəllif səmimi ortam əsasında keçən tədbirə görə bütün iştirakçılara, eyni zamanda təşkilatçılığa görə kitabxana əməkdaşlarına dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, sözü gedən kitabda yazılanlar kimisə nəyəsə inandırmaq üçün yox, insanların bu həqiqətlər barədə dərindən fikirləşib müəyyən nəticələr çıxarmaları üçündür. Bu da onların özlərinə lazımdır.