13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxs azadlığa buraxıldı
Şəmkirdə 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb.
Fakt.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində baş verib.
Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Elçin Məmmədov (soyadı şərtidir) 2010-cu il təvəllüdlü qızla tanış olub. Onlar bir müddət telefonla danışdıqdan sonra görüşmək qərarına gəliblər. Elçin qızla birlikdə taksi sifariş edib və şəhərdə fəaliyyət göstərən "Annenfeld" kafesinə gediblər. Onlar orada görüşdükdən sonra Elçin qızı taksi ilə ünvanına yola salıb. Bir müddət sonra məsələdən xəbər tutan qızın qohumları polisə müraciət ediblər.
Faktla bağlı araşdırma aparılıb və cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə E.Məmmədov barədə həbs qətimkan tədbiri seçilib və iş məhkəməyə göndərilib. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədov iki il altı ay azadlıqdan məhrum edilib.
E.Məmmədov hökmlə razılaşmayıb və sənəddən apellyasiya şikayəti verib.
Gəncə Apellyasiya Məhkəməsi Şəmkir Rayon Məhkəməsinin qərarında dəyişiklik edib. Məhkəmənin qərarı ilə E.Məmmədova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və ona iki il şərti cəza təyin edilib. E.Məmmədov məhkəmə zalından sərbəst buraxılıb.