“Kurortlar nazirliyi”ndən ciddi narazılıq: "Sadə vətəndaş sanatoriya yolu tanımır..."

“Kurortlar nazirliyi”ndən ciddi narazılıq: "Sadə vətəndaş sanatoriya yolu tanımır..."

AHİK-in yollayış sistemi etimadı doğrultmadı - vətəndaşlar narazıdır, ekspert islahat çağırışı edir; Natiq Cəfərli: "İnsanlar qrup şəklində məhkəməyə müraciət etsinlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından  (AHİK) narazılıqlar artır. Buna səbəb isə istirahət  və ya müalicə üçün göndərişlərin verilməsində baş verən haqsızlıqlardır. Minlərlə insan illərlə çalışıb həmkarlar ittifaqlarına pul ödəsələr də, göndəriş əsasında istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHİK-in "Qaynar xətt”inin belə işləmədiyini bildiriblər. Eyni zamanda "online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər.
Çoxsaylı şikayətlərdən sonra guya şəffaflığın təmin olunması məqsədilə onlayn müraciət sistemi istifadəyə verilib. Bu portal üzərindən qeydiyyatdan keçərək tətil üçün "putyovka” almağa çalışsalar da, müraciət edənlərin böyük əksəriyyəti əsassız şəkildə rədd cavabı aldıqlarını bildirir.