“Whatsapp” istifadəçilərinə xəbərdarlıq: Statuslarda səs niyə çıxmır?

“Whatsapp” istifadəçilərinə xəbərdarlıq: Statuslarda səs niyə çıxmır?

Son günlər iPhone istifadəçiləri arasında "Whatsapp” statuslarında səsin eşidilməməsi ilə bağlı geniş narazılıq yaranıb. 

Problemin tətbiqin son yeniləməsindən sonra ortaya çıxdığı bildirilir. İstifadəçilər status videolarının səsini nə dinləyə, nə də paylaşa bildiklərini qeyd edirlər. 

İKT üzrə ekspert Elvin Abbasov AZXEBER.COM-a bildirib ki, problem istifadəçi cihazlarından və ya səs parametrlərindən qaynaqlanmır:

"Problem birbaşa Whatsappın iOS əməliyyat sistemində media fayllarının səslə işlənməsi üçün istifadə etdiyi render mexanizmi ilə bağlı texniki uyğunsuzluqdan yaranır. iOS 17 və iOS 18 versiyalarında Apple tərəfindən "AVPlayer” kitabxanasında edilən dəyişikliklər Whatsappın mövcud kod bazasında audio axının düzgün idarə olunmasına mane olur. Nəticədə video statuslar səssiz oynadılır və səs komponenti sistem tərəfindən bloklanır”.

Ekspert deyib ki, problem Meta tərəfindən də "tanınmış xəta” kimi qeydə alınıb:

 "Problem Meta tərəfindən də "tanınmış xəta” kimi qeydə alınıb və hazırda tətbiqin beta versiyasında düzəliş test mərhələsindədir. Gözlənilir ki, yaxın zamanda Whatsappın rəsmi yeniləməsində bu problem tam aradan qaldırılsın.
İstifadəçilərə hal-hazırda səssiz rejimdən çıxmaq, tətbiqi yeniləmək və ya TestFlight versiyasını sınaqdan keçirmək tövsiyə olunur”.

Şahanə Ziyad