Elektron siqaret çəkənlərə pis xəbər: Bu zərərləri var…

Elektron siqaret çəkənlərə pis xəbər: Bu zərərləri var…

Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Pulmonoloq Əsəd Beydullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, elektron siqaretləri bir çoxları xilas yolu kimi görürdü:
 
"Elektron siqaretləri ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda, bir çoxları bunu xilaskar kimi görürdü. Amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil. Bunun ən əsas səbəbi onların çox təhlükəsiz görünməsidir. Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur. 2019-cu ildə ABŞ-də elektron siqaretlə bağlı ilk ölüm hadisəsi baş verib. Xəstəliyə EVALI adı verilib və bu, ağciyərin interstisial  xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil".

Həkim deyib ki, elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, o cümlədən, kişilər uzaq durmalıdır:

"Elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, o cümlədən, kişilər uzaq durmalıdır. "Elektron siqaret "mehriban düşmən” kimidir, gözəl, cəlbedici görünür, amma çox qorxuludur. Bu səbəbdən bəzi ölkələrdə artıq elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edirəm. Düşünürəm ki, ölkəmizdə də bu məsələ nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qorunmuş olar”.

"Maarifləndirici videolarımız çox azdır. İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır, tüstüdən qorxmamağa çalışır və düşünürlər ki, tüstü insana nə edə bilər ki?. Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onlardan xüsusilə uzaq durmalıdırlar"-, deyə ekspert vurğulayıb.
Şahanə Ziyad