ÖZ ŞƏXSİYYƏTİNİN MEMARI OLAN İNSAN

ÖZ ŞƏXSİYYƏTİNİN MEMARI OLAN İNSAN

Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist.

     ÖZ ŞƏXSİYYƏTİNİN MEMARI OLAN İNSAN

      (İlyas İsmayılovun unudulmaz xatirəsinə)


İlyas İsmayılov şəxsiyyətinin böyüklüyü, işıqlı siması, siyasi lider obrazı sağlığında olduğu kimi, bu gün də çox aydın görünür və illər ötüb-keçdikcə daha da parlaq görünəcək. Bir il öncə Haqq - Ədalət aşiqi, Azərbaycanın dövlət xadimi, sabiq Baş Prokuror və Ədliyyə naziri, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun vəfatı xalqımızı sarsıdan ağır itkilərdən biri oldu.

...Bəşər yaranandan bəri, yer üzünə saysız-hesabsız insanlar gəlib-gedir. Təbii ki, ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz sonudur. Sözün poetik qüdrətindən özünə heykəl ucaldan Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin" fikri də yer üzündə heç kimin ömrünün əbədi olmadığını ifadə etmirmi?!. Əbədiyyətə qovuşduqdan sonra ölümsüzlük qazanmaq, sevilmək, yaddaşlara əbədi köçmək hər insana nəsib olmayan bir xoşbəxtlikdir. Bəli, İlyas İsmayılov da xalqımız tərəfindən ehtiramla yad olunan, Ulu Tanrının Azərbaycana bəxş etdiyi tarixi və unudulmaz şəxsiyyətdir.

...İlyas müəllim zamanın fövqündə dayanmağa, hətta onu öz xalqının xeyrinə dəyişməyə qadir, faydalı bir İNSAN idi. Fransız yazıcısı, dünya şöhrətli əsərlərin müəllifi Viktor Hüqonun belə müdrik kəlamı var: “Məşhur adam olmaq xoşbəxtlik, faydalı adam olmaq isə insanlıq borcudur.” Xalq, Vətən qarşısında cavabdehlik, məsuliyyət daşımaq insanlıq borcu olaraq həlledici məqamlarda SÖZLƏ ƏMƏLİN üst-üstə düşməsi deməkdir. Əsl hədəfi xalqa can-başla qulluq etmək olan İlyas müəllimi də ən yüksək zirvəyə yüksələndən zəkası, fitri qabiliyyəti ilə yanaşı,  sözünün və əməlinin vəhdəti olmuşdur. 
Hələ 1981-ci ildə “Prokurorluq işçilərinin mənəvi tərbiyəsi” adlı kitabçasında, mətbuatda dərc olunan müsahibələrində kadrların düzgün seçilməsindən bəhs edən İlyas İsmayılov Dövlət İmtahan Komissiyasının sədri olanda ləyaqətli və savadlı məzunları prokurorluq orqanlarına işə qəbul edib. “Qanun olmayan yerdə əxlaq ola bilməz” deyən İlyas İsmayılovun SƏDAQƏT andı, kredosu da ən birinci  QANUN və qanunlara hörmət Qanunu olub. Fəaliyyəti boyu kadrları yerlibazlıq, qohumbazlıq, regionçuluq maraqları ilə deyil, onların iş qabiliyyətini, obyektivliyini, mənəvi təmizlik kimi müsbət keyfiyyətlərini, vətənpərvərlik və milli təəssübkeşlik cəhətlərini qiymətləndirərək, müxtəlif rəhbər vəzifələrə layiq bilmişdir. Çox sonralar İlyas müəllim belə yazırdı: “Yerlibazlıq problemi Azərbaycanı feodal əsrinə sürükləyir.” Qədim dövrlərdən bəri cəmiyyətdə insanları bir-birinə yerlipərəstlik, tayfabazlıq təfəkkürü, vəzifə-mənsəb münasibətləri deyil, ƏDALƏT, VİCDAN, QANUNA  hörmət, ƏXLAQ meyarı bağlayır… İlyas müəllim də əbəs yerə demirdi ki, ədalət cəmiyyətin güzgüsüdür: “İnsanın havaya, suya, qidaya ehtiyacı olduğu kimi, hər bir işdə ədalətin bərqərar olmasına da ehtiyac var.” Bu fikir qədim Çin mütəfəkkiri Konfutsinin məşhur kəlamı ilə səsləşir. “Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.” Aralarında böyük  zaman kəsiyi  olmasına baxmayaraq, hər iki müdrikin fikri ədalətin dəyişməz, sabit və mütləq bir prinsip olduğunu, cəmiyyətdəki digər bütün proseslərin və qaydaların isə onun ətrafında formalaşdığını ifadə edir...
           
            TANRININ GÜCÜ VƏ QÜDRƏTİ 
Kökü qədimlərə gedib çıxan İlyas adı ilahi bağlılığı, inamı və Tanrıya sədaqəti təmsil edir... Oğuz türklərinin ən möhtəşəm söz abidəsi olan "Dədə Qorqud" dastanında adqoyma mərasimi bir qayda olaraq ictimai mərasim şəkilində edilirdi. Adın insan taleyinə sirayət etməsi inancı başqa xalqlarda da mövcud olub. Hətta qədim romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" kimi güclü bir inanca sahib idilər... Mədinə dövründə səhabələrin əksəriyyəti uşaqlarına ad qoyması üçün onları Həzrəti Peyğəmbərin hüzuruna gətirərdilər. Allahın elçisi bu ənənəni yaşatmaq barədə belə buyurub: "Hər bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl ad seçməsidir. Bu səbəblə övladlarınız üçün  gözəl adlar seçin!" 
İlyas İsmayılov da qətiyyətin rəmzi olan adının layiqli daşıyıcısı olub; işıqlı fikirlərində, faydalı əməllərində onu təsdiq edib. Fikrimcə, Azərbaycanın hüquq elminə böyük töhfələr verən, adamsız adamların hamisi olan bu nadir və alicənab şəxsiyyətin həyatı və bioqrafiyası müasir gənclər, o cümlədən, ali məktəblərdə hüquq təhsili alan tələbələr üçün əsl MƏKTƏBDİR. Məhz ona görə də İlyas müəllimin keçdiyi mənalı ömür yolundan bəzi fraqmetləri diqqətə çatdırmaq istəyirəm.

...Taleyi onu körpəykən sınağa çəkmişdi. Üzünü görmədiyi milis işçisi  olan atası 33 yaşında qaçaqlarla vuruşanda həlak olmuşdu. Hüquqşünas olmaq istəyi atasından qaynaqlanan İlyas İsmayılovun fəaliyyəti boyu əsas qayəsi hamının qanun və ədalət qarşısında bərabərliyini təmin etmək olub... 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Dördüncü kursda oxuyanda Leninqrad şəhərində tələbələrin elmi konfransında məruzə ilə çıxış edib. 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. O vaxtlar gənc hüquqşünasları işə SSRİ prokuroru təyin edirdi. Göyçay rayon prokurorluğuna müstəntiq təyinatı alsa da, İlyas İsmayılov öz ərizəsi ilə işdən çıxıb. Vəzifədən belə könüllü imtina prokurorluğun tarixində nadir hadisə sayılırdı. Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olan İ. İsmayılov 1966-cı ildə vaxtından qabaq namizədlik dissertasiya işini müdafiə edib, Azərbaycana qayıdır. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda əvvəl kiçik, sonra baş elmi işçi işləyib. Hüquq fakültəsinin axşam şöbəsində rus və Azərbaycan bölmələrində cinayət hüququndan, Xalq Təsərrüfatı İnstitutunda isə fəlsəfədən dərs deyib. Eyni zamanda Ali Məhkəmənin orqanı olan “Sosialist qanunçuluğu”  jurnalınn redaksiya heyətinin sədri olub. Son müsahibələrinin birində qeyd edirdi ki, iki il həmin jurnalı təkbaşına nəşr etdirib. Məncə, İlyas müəllimin aşağıdakı fikri cəmiyyətin ictimai və siyasi həyatında əsas deviz olmalıdır:                        
          “ƏN BÖYÜK FƏZİLƏT ƏDALƏTDİR”
Arzusu gənc yaşlarında elmlər doktoru olmaq idi. Tez-tez hüquq-mühafizə orqanlarının rəhbərləri onu işə dəvət etsələr də,razılıq vermirdi. Bir dəfə amerikalı filosofun konsepsiyası ilə tanış olur. Həmin konsepsiyanın mahiyyəti bundan ibarət idi ki, həyat sənə nə təklif edirsə, onu qəbul et. Şüurlu surətdə həyatın tələbinə qarşı getmə. Son nəticədə razı qalacaqsan, çünki həyat ədalətlidir... 

 Saysız-hesabsız iş dəvətlərini HƏYATIN TƏKLİFİ kimi qəbul edən İlyas İsmayılov 6 il Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsində, sonra respublika prokurorunun müavini, respublika prokuroru, SSRİ Prokurorluğunda şöbə rəisi vəzifələrində çalışıb. Eyni zamanda SSRİ Prokurorluğunun institutunda islah-əmək hüququndan dərs deyib. 1990-cı ildə Leninqradda “Cinayətkarlıq və cinayət siyasəti” mövzusunda müdafiə edib, hüquq elmləri doktoru elmi dərəcəsi alıb... SSRİ dağılandan sonra vətənə qayıdıb və ədliyyə naziri təyin olunub. Üç il ədliyyə naziri vəzifəsində çalışıb, Milli Məclisin III və IV çağırışlarında deputat olub. 1992 və 2013-cü ildə prezidentliyə namizədliyi irəli sürülüb. 10 monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. İlyas İsmayılov müdrik kəlamlarınında deyirdi: “Təfəkküründə müstəqillik olmadan orijinal elmi əsərlər yaradıla bilməz.” Və ya “Xarakterlərin məhvi millətin fəlakətidir...” 

 ...İllər arxasından  İlyas müəllimin nurlu çöhrəsini görürəm. Tale  mənə iki dəfə onu yaxından görüşmək nəsib eləyib. Ünsiyyət zamanı onun səmimi və sadə bir insan olduğunun da şahidi olmişam. İlk dəfə o böyük insanla “Hürriyyət” qəzetinin redaksiyasında Novruz bayramı ərəfəsi görüşmüşəm. “Masallı” qəzetinin baş redaktoru olduğumu biləndə, mənə həmsədri olduğu ADP-nin rəhbərləri ilə çəkdirdiyi şəklini verib dedi: “Bizim adımızdan Masallı camaatının Novruz bayramını rayon qəzetində təbrik edərsən…” İkinci görüşümüz “Geopolitika XXI əsr” qəzetinin redaksiyasında – baş redaktor Xanoğlan Əhmədovla qəzetin yorulmaz yazarı Aydın Canıyevə məqalə təqdim edərkən oldu. Redaksiya Ədalət partiyasının qərargahında yerləşirdi. Təəssüf ki, o zaman “Siyasətimizin Cahandar ağası”dan baş redaktorun müavini olduğum “Qarabağa aparan yol” qəzeti üçün müsahibə almağı heç ağlıma gətirmədim. Aydın Canıyev isə “Geopolitika XXI əsr” qəzetində yazmışdı ki, İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, mərhum Əbülfəz Elçibəy onun haqqında “prezidentliyə layiq yeganə şəxsiyyət İlyas İsmayılovdur” fikrini söyləyib…  O İlyas İsmayılov ki, “Zəif müxalifəti olan ölkə güclü ola bilməz” demişdi... O İlyas İsmayılov ki, Aydın  Canıyevin təbirincə desək, XX əsrin XXI əsrə hədiyyəsi, Allahın seçicilərə əmanəti idi...

   ...Ötən il Ələmdar Məmmədovun İlyas İsmayılova həsr etdiyi “Mən bu zamana sığmazam” kitabı barədə “Tanrının seçdiyi bəndə və ya universal zəka sahibi”  başlıqlı ədəbi resenziyamda yazmışdım ki, bəli, İlyas Abbas oğlu Ulu Tanrının  bizlər üçün seçdiyi BƏNDƏ idi. Çox heyif ki, İlyas İsmayılov kimi müdriklik və ədalətlilik mücəssəməsi olan bir şəxsiyyət zamanında layiqincə qiymətləndirə bilmədik.

 “Sizi xalq sevir, biz də belə oğulu ikiqat qiymətləndirməliyik.” Bu sözləri isə dünyaşöhrətli yazıçı Çingiz Aytmayov İlyas müəllimə göndərdiyi “Plaxa” (Edam kötüyü) adlı kitabına avtoqraf yazmışdı. İlyas müəllim də əsəri oxuyub müəllifə  geniş məktub yazıb göndərmişdi. Çingiz ağa da İlyas müəllimə göndərdiyi təşəkkür teleqramında yazırdı: “Ədəbiyyat haqqında dərin və qiymətli fikirləri ifadə edən məktubunuzu böyük həvəs və ləzzətlə oxudum. Sizə təşəkkür edirəm. Sizə hörmət bəsləyən Çingiz Aytmatov.” 

   İlyas müəllimin Azərbaycanın ilk Xalq şairi Səməd Vurğuna şər - böhtan  atanlara ciddi dəlillərə söykənən tutarlı cavabı, eləcə də İlyas İsmayılovun təsviri incəsənətə, memarlığa, teatra, kinoya, aşıq poeziyasına dərindən bələd olması onun geniş spektrli, universal ZƏKA SAHİBİ  olduğuna dəlalət etdiyinin göstəricisidir.

       Mənəviyyatı bütün dəyərlərdən üstün tutan İlyas müəllimin iş prinsipinə yaxından bələd olanlar onu “Qanun naminə” filminədki prokurorun prototipi hesab edirdilər. Şair Rəfail İncəyurd isə İLYAS müəllimin obrazını “Haqqın adaşı” şeirində belə yaradıb:

              İlyasvari olsa mənəviyyatı, 
              İnsanşünas olar hüquqşünaslar.


...Azərbaycan naminə ömrü boyu fədakarlıq göstərən, Vətənin adını, şərəfini həmişə müqəddəs tutan, xalqın sevdiyi, fəqət, 90-cı illərin ortalarından sonra “dövlətin unutduğu dövlət adamı” haqqında yazımı əməkdar jurnalist Elşad Eyvazlının bu fikirləri ilə tamamlamaq istəyirəm: “İyas İsmayılov itkisi heç bir itkiyə bənzəmir... Bu itki səmimiyyəti, dürüstlüyü, obyektivliyi, gözütoxluğu, ağayanalığı, mənəvi dəyərləri özündə cəmləşdirən BİR ŞƏXSİYYƏT İTKİSİDİR...”

 Mən də sidq ürəkdən həmkarımın bu fikirinə qatılaraq xalqımızın qəlbində özünə əbədi abidə ucaldan QÜDRƏTLİ  VƏ  MƏĞRUR  ŞƏXSİYYƏTƏ, klassik AZƏRBAYCAN KİŞİSİ  İlyas  İsmayılova  və  onun ciyərparəsi Etimad bəyə Allahdan rəhmət diləyir, ruhları şad, məkanları cənnət olsun, - deyirəm. 
   10 fevral  2026-cı il.