Oruc tutanlar necə qidalanmalıdır?

Oruc tutanlar necə qidalanmalıdır?

Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər. 

İftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur. 1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur.

Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır. 

Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər. 

Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir.