“Qarabağ” – “Sabah” matçı: çempionluq yarışının taleyi bu oyunda həll oluna bilər

“Qarabağ” – “Sabah” matçı: çempionluq yarışının taleyi bu oyunda həll oluna bilər

Futbol şərhçisi Ramiz Mirzəzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu oyun ən vacib qarşılaşmalardan biridir:
"Bu mövsüm Misli Premyer Liqasının ən vacib qarşılaşmalarından biridir. Bu, çempionluq uğrunda həlledici oyunlardan sayılır. "Sabah” komandası turnir cədvəlinin lideridir və "Qarabağ”la aradakı 10 xallıq fərqin azalmaması üçün bu görüşdə məğlub olmamağa çalışacaq. Tarixində ilk dəfə çempion olmaq istəyən "Sabah” komandası bu mövsüm "Qarabağ”la keçirdiyi oyunların heç birində məğlub olmayıb. Bu, olduqca önəmli göstəricidir.
Azərbaycan Kubokunda da komandalar yarımfinal mərhələsində üz-üzə gəlib və iki oyunun nəticəsinə əsasən bərabərlik qeydə alınıb”. 

O qeyd edib ki, əgər "Qarabağ” sabahkı görüşdə qalib gələrsə, xal fərqini 7-yə endirə bilər:

"Bu mövsüm "Sabah” "Qarabağ” qarşılaşmaları çox maraqlı və gərgin rəqabət şəraitində keçir.
Bu oyun çempionat üçün sonuncu duel sayılır. "Qarabağ”ın ehtiyatda bir oyunu da var-"Neftçi” ilə təxirə salınmış qarşılaşma. Əgər "Qarabağ” sabahkı görüşdə qalib gələrsə, xal fərqini 7-yə endirə bilər. Ardınca "Neftçi” ilə olan oyunda da qələbə qazanarsa, fərq 4 xala qədər azala bilər. Qarşılaşmanın nəticəsi müəyyən mənada "Sabah”ın performansından asılı olacaq”.

Futbol şərhçisi deyib ki, "Qarabağ” üçün ən kritik matçlardan biridir:

"”Qarabağ” üçün isə bu, olduqca həlledici oyundur. Əgər komanda çempionluq mübarizəsini davam etdirmək istəyirsə, bu görüşdə nəyin bahasına olursa-olsun qələbə qazanmağa çalışacaq. Düşünürəm ki, bizi çox maraqlı və vacib bir oyun gözləyir. "Qarabağ” üçün bu qarşılaşma çempionluq yolunda əsas rəqibini məğlub etmək baxımından ən kritik matçlardan biridir”.