Ümumdünya Meteorologiya Təşkilatından xəbərdarlıq: İstilik dalğası yenidən aktivləşəcək
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan "El-Ninyo" iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.
Fakt.info xəbər verir ki, bu məlumat beynəlxalq qurumun hesabatında öz əksini tapıb.
Agentliyin hesabatında bildirilir ki, 2026-cı ilin ortalarından etibarən qlobal miqyasda yağıntıların miqdarına və temperatur göstəricilərinə təsir edəcək "El-Ninyo" prosesinin bərpa olunacağı gözlənilir. ÜMT ekspertləri artıq ekvatorial Sakit okean sularının üst qatında temperaturun sürətlə artdığını müşahidə edirlər. Analitiklər hesab edirlər ki, mövcud qlobal tendensiya 2026-cı ilin may-iyul aylarında yenidən "El-Ninyo" şəraitinə qayıdış ehtimalından xəbər verir. ÜMT-nin iqlim proqnozları idarəsinin rəhbəri Vilfrank Mufuma Okiyanın açıqlamasına əsasən, bu fenomenin təsir gücü kifayət qədər böyük ola bilər, ancaq dəqiq vəziyyət yalnız aprel ayından sonra müəyyənləşəcək.
Planetimizin hava və iqlim şəraiti əsas etibarilə "El-Ninyo" və "La-Ninya" (ispan dilindən tərcümədə "oğlan" və "qız" mənasını verir - red.) adlandırılan iki fərqli təbii fenomenin gedişatından asılıdır. Birinci hadisə Sakit okeanın mərkəz və şərq hissələrində suyun səthinin qəfil isinməsi ilə xarakterizə olunursa, ikinci hal əksinə, həmin suların soyuması ilə müşayiət edilir. Bir neçə ildən bir bir-birini əvəz edən "El-Ninyo" və "La-Ninya" atmosfer küləklərinin və okean cərəyanlarının hərəkətində ciddi fərqlər yaradır. Nəticə etibarilə, bu cür iqlim dəyişiklikləri yer üzünün bəzi bölgələrində şiddətli quraqlıqlara, digər yerlərdə isə fəlakətli yağışlara gətirib çıxarır. Nümunə olaraq, ötən əsrin sonlarında Avstraliyada qeydə alınan və 1996-2010-cu illəri əhatə edən "minillik quraqlıq" çox güclü "El-Ninyo" axını nəticəsində yaranmışdı. Bu qlobal böhran yalnız yeni "La-Ninya" dövrünün başlaması ilə sona çatmışdı.
Oxu.Az