Qızıl almaq istəyənlərə xoş xəbər: Qiymət sürətlə düşür

Qızıl almaq istəyənlərə xoş xəbər: Qiymət sürətlə düşür

Son günlər qızılın qiymətində ucuzlaşma müşahidə olunur. 
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində eniş davam edir. Belə ki, 2026-cı ilin iyun fyuçersləri üzrə bir troya unsiya qızılın dəyəri 0,2% azalaraq 4 620,40 ABŞ dolları təşkil edib. 
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, qızılın ucuzlaşmasının yeganə səbəbi müharibədir:
"Qızılın ucuzlaşmasının yeganə səbəbi müharibədir. Qızıl ilk dəfədir ki, geosiyasi gərginlik zamanı özünü qəribə aparır. Həmişə müharibələr zamanı qızıl "təhlükəsiz liman” rolunu oynayırdı və investorlar qızıla daha çox yatırım edirdilər. İndi hər yerdə müharibələr gedir, amma qızılın qiymətində əksinə ucuzlaşma oldu”.
Ekspert bildirib ki, müharibə dayanan kimi qiymətlər yenidən qalxacaq:
"Körfəz ölkələri, o cümlədən İran valyuta ehtiyaclarını ödəmək üçün qızıl ehtiyatlarını satırlar. Xüsusilə Körfəz ölkələri Hörmüz boğazındakı böhranla əlaqədar nefti daha az sata bildikləri üçün qızıllarını satmağa başlayıblar. Ona görə də böhranlar zamanı, xüsusən də İran ətrafında gedən müharibə fonunda qiymətlər bir qədər ucuzlaşdı. Müharibə dayanar-dayanmaz qiymətlər yenidən qalxacaq. Çox güman ki, Hörmüz boğazının açıldığı bir dövrə qədəm qoysaq, yaxın günlərdə qızılın qiymətində yenidən bir unsiya üçün 5.000 dollar görə bilərik”.