"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı - FOTOLAR

"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı - FOTOLAR

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi” MMC-yə məxsus "Hayal Kahvesi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
  Fakt.info xəbər verir ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.
Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.
Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
 
Qeyd edək ki, Türkiyənin məşhur konsert və əyləncə məkanı olan "Hayal Kahvesi"nin Bakı şöbəsi 22.08.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Yaqut Kılınç Etibar qızıdır. Məkanda bir çox tanınmış müğənnilərin konsertləri təşkil olunur.