Xameneinin dəfn mərasiminə hazırlıq başladı

Xameneinin dəfn mərasiminə hazırlıq başladı

İran hakimiyyəti ABŞ və İsrail hücumları zamanı həlak olan keçmiş Ali lider Ayətullah Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.
Bu barədə İran dövlət mediası məlumat yayıb.
Bildirilib ki, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.
"Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər”, - deyə Mahmudi bildirib.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də başlayan ABŞ və İsrail hücumlarının ilk mərhələsində həyatını itirib. Bundan sonra ölkə rəhbərliyi onun oğlu Müctəba Xameneiyə keçib. Aprel ayında Xameneinin vəfatının 40-cı günü münasibətilə ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilsə də, rəsmi dəfn mərasimi təhlükəsizlik səbəbindən baş tutmayıb.
Bildirilib ki, mərasimin dəqiq tarixi təhlükəsizlik və təşkilati hazırlıqlar tamamlandıqdan sonra açıqlanacaq.