250 yaşlı “davakar” ABŞ

250 yaşlı “davakar” ABŞ

4 iyulda ABŞ dövlətinin 250 yaşı tamam olur Yarandığı gündən bəri təqribən irili-xırdalı 200-dən çox müharibə aparan ABŞ bu gün də günahsız insanların qanını tökməyə əyləncə kimi baxır...                                 
Bəs görəsən dünyada müharibələrin olmadığı gün olacaqmı? BMT-nin Beynəlxalq Sülh Günü münasibətilə dəfələrlə dünya xalqlarına müraciətlərində qeyd olunur ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Lakin hətta sülh günündə, atəşkəs dövründə belə ümumi məqsədlər naminə dövlətlər bir-birilə “dil” tapa bilmirlər, İnsanlar müharibəsiz də saysız-hesabsız mal və can itkisinə səbəb olan fəlakətlərin (zəlzələ, sunami, meşə yanğınları, vulkan püskürməsi, pandemiya və s.) qurbanına çevirirlər. Belə olan halda müharibələrə ehtiyac qalırmı?

 Hələ 19-cu əsrin sonlarında təsis edilən Beynəlxalq Sülh Bürosunun əsas missiyası müharibəsiz dünya yaratmaq olub. Buna baxmayaraq  XX əsrdə iki dəfə Dünya müharibəsi baş verdi, milyonlarla adam öldürüldü, əlil olanların, yaralananların sayı, mülkiyyətə vurulan ziyanların miqdarı hesaba sığmadı. XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn deyirdi: “Mən yalnız sülhsevər deyil, həm də sülh savaşçısıyam. İnsanlar savaşa savaş açmadıqları müddətdə heç bir şey savaşları ortadan qaldırmayacaq.” Hətta müharibələrin qarşısının alınması mövzusunda A. Eynşteyn və psixoanaliz elminin banisi  Ziqmund Freyd məktublaşıblar da...  

Britaniyalı  fizik, ictimai xadim Con Bernal  ötən əsrin 50 -ci illərində yazdığı “Müharibəsiz dünya” (“World Without War”) adlı kitabında müharibə zülmündən azad olmuş və bütün elmi nailiyyətləri insan naminə istifadə etmiş cəmiyyətin təsvirini vermişdir. Təəssüf ki, sülh idеyаsı bu günə kimi  insаn əqlini nаrаhаt еdən, оnu dаim düşünməyə vаdаr еdən ən ümdə prоblеmlərdən biri  olsa da, nəinki  dünya alimlərinin, hətta siyasətçilərin onun haqqında  yüksək kürsülərdən  söylədikləri hələlik yalnız söz olaraq qalmaqdadır.

Tədqiqatçıların hesablamalarına görə, 1945-ci ildən – yəni  İkinci Dünya müharibəsindən  üzü bəri planetdə cəmi 26 dinc gün mövcud olmuşdur.  Buna baxmayaraq 80 il ərzində dünyada onlarla ictimai-siyasi xadim  Sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. Əslində bu  sülh mükafatı Nobel Komitəsi tərəfindən "Millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir.
2009 -cu ildə bu mükafata Amerika Prezidenti Barak Obama layiq görüldü. Obamanın mükafatlandırılması tənqidsiz  ötüşmədi. Spektiklərin fikrincə,  Əfqanıstanda 30 min əsgəri olan Amerika Prezidentinin sülh mükafatına layiq görülməsi vaxtından əvvəl atılmış, çaşdırıcı bir addım idi. Lakin Nobel sülh mükafatı mərasimindəki  nitqini ABŞ -ın 44-cü prezidenti  “Ədalətli sülh və ədalətli müharibə” mövzusuna həsr etmişdi: “Biz acı həqiqəti etiraf etməliyik: nə qədər ki, yaşayırıq münaqişələri həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə, yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri olduğu, hətta mənəvi-əxlaqi baxımdan doğru olduğu qənaətinə gələcəklər.”  Onun fikrincə, ədalətli müharibə isə yalnız öz ərazisində düşmənə müqavimət göstərildiyi müharibədir. Bəs  görəsən, ABŞ  qoşunları Yaxın və Orta Şərq ölkələrinin ərazilərində niyə hərbi əməliyyatlar aparır? Axı nə İraq, nə də İran ABŞ-a hücum etməyib! Demək, onun “Ədalətli müharibə öz ərazisində düşmənə müqavimət göstərildiyi müharibədir” fikri quru sözdür.

ABŞ-ın sabiq Prezidenti Co Bayden isə deyirdi: "Əfqan müharibəsini görən dördüncü prezidentəm…"  Sual olunur, əfqan müharibəsini görən, yoxsa  Əfqansıtandakı  müharibələrdə ABŞ ordusunun iştirakına əmr verən?.. İndi haqlı olaraq müharibə ekspertləri belə fikir  söyləyirlər: “Bəşəriyyət müharibələrə son qoymasa, müharibələr bəşəriyyətə son qoyacaqdır…”
…Bu  gün yer üzünün  illərlə qanayan yarası olan Fələstin, İraq, Suriya, Əfqanıstan, Liviya, İran və başqa  müsəlman  dövlətləri hər gün yadelli əsgərlərin və ya araqızışdıranların hücumuna məruz qalır. Bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalqın böyük qismi yurd-yuvasından çıxmağa məcbur edilir, məcburi köçə etiraz edənlər isə qətlə  yetirilirlər. Qadınların təcavüzə məruz qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların evlərinə, tarlalarına hücum edilərək əziyyət gördüyü bu ölkələrdə qətl edilənlərin sayı yüz minləri  ötüb keçir.
XXI yüzilliyin 25  ili ərzində  ABŞ prezidentləri yalnız seçkidən-seçkiyə ölkənin bəzi ştatlarında olur və ya Kremldə oturan Rusiya dövlət başçıçısının ayağı ölkəsinin ucqar vilayətlərinə dəymir.  Amma ABŞ-ın da, Rusiyanın da əsgərləri  özgə xalqların yaşayış məntəqələrini xaraba qoymaqdan sanki xüsusi zövq alırlar. Halbuki  özgə ərazilərində  müharibə aparmaq  həmin dövlətlərə  ikiqat  baha başa gəlir. 4 iyulda ABŞ-ın müstəqilliyinin 250 yaşı tamam olacaq. Yarandığı gündən bəri təqribən irili-xırdalı 200-dən çox müharibə aparan ABŞ insan qanı tökməyə əyləncə kimi baxıb. Dilində sülh, demokratiya şüarı, əməlində hegemonçuluq, qoçuluq, cahangirlik iddiası olub... Vaxtilə dünya ABŞ-ın uşaq oyuncaqlarının içinə partlayıcı maddələr qoyub badamgözlu, koreyalı, vyetnamlı körpələrə təyyarədən "hədiyyə” kimi atarkən necə rəhmsiz dövlət olduğuna şahid olmuşdu. Bəşər tarixində  ilk  dəfə atom bombalarını Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə  məhz ABŞ atmışdı… Bir gülün TİKANINI yox edərkən, KOLUNU kökündən çıxarmaq təkcə Təbiətin deyil, Cəmiyyətin də nizamını pozur. Axı  Allahın köklədiyi bu DÜNYANIN YAŞAM ritmini  kökdən salmaq, özündən zəiflərin ləyaqətini tapdalamaq, nəhayət hər xalqın gələcəyi olan uşaqların qətlə yetrmək BƏŞƏRİ cinayətdir.  
Nurəddin ƏDİLOĞLU.