Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqlad

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqlad

Qiymət artımının davam etdiyi bir şəraitdə maliyyə planlaması ailə büdcəsinin əsas məsələlərindən birinə çevrilib.

Mənzil, avtomobil və digər iri həcmli alış-verişlər üçün vətəndaşların bir qismi uzunmüddətli yığım yolunu seçsə də, digərləri kredit hesabına ehtiyaclarını qarşılamağa üstünlük verir.

Bununla yanaşı, müəyyən vəsait toplaya bilən şəxslər pullarını dəyər itkisindən qorumaq və əlavə gəlir əldə etmək məqsədilə müxtəlif investisiya imkanlarını da nəzərdən keçirirlər.

Lakin maliyyə sahəsində yanlış qərarlar bəzən gözlənilən qazanc əvəzinə maddi itkilərə səbəb ola bilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkədə investisiya imkanlarının məhdud olması və gəlirlərin səviyyəsi vətəndaşların maliyyə planlamasına yanaşmasına birbaşa təsir göstərir:
"Əslində Azərbaycanda əhalinin çox da böyük hissəsi bu barədə düşünmür. Çünki insanların real gəlirlərinə, orta aylıq əməkhaqqına baxanda görünür ki, onlar gündəlik problemlərini həll etməyə yetərli qədər gəlir əldə edirlər. Amma bəli, əhalinin bir hissəsinin əlavə pulları, vəsaitləri olur. Azərbaycanda investisiya imkanları o qədər də geniş deyil".

Natiq Cəfərli qeyd edib ki, hazırda vətəndaşların üstünlük verdiyi əsas investisiya alətləri daşınmaz əmlak və qızıldır:

"Ənənəvi olaraq ya daşınmaz əmlaka, ya da qızıla yatırım edirlər. Belə investisiya alətlərindən istifadə edənlərin sayı kifayət qədər çoxdur. Çünki bizdə qiymətli kağızlar bazarı, səhm bazarı hələ yeni-yeni formalaşır. İnsanların da hələ tam güvəni yoxdur ki, bununla bağlı hansısa formada addım atsınlar. Ona görə də əsas seçim hələ də qızıldır. Burada da ehtiyatlı olmaq lazımdır. Çünki qızılın qiyməti çox oynaqdır, hər zaman ya qalxır, ya da düşür. Daşınmaz əmlak daha rahat investisiya vasitəsidir, amma onun da qiyməti bahadır. Yəni daşınmaz əmlaka yatırım etmək üçün ən azı 100 min manatdan artıq vəsaitə ehtiyac yaranır".