Masallıda piyada keçidləri yenilənir – yol hərəkəti təhlükəsizliyi istiqamətində növbəti addım

Masallıda piyada keçidləri yenilənir – yol hərəkəti təhlükəsizliyi istiqamətində növbəti addım

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin tapşırığına əsasən, ölkənin müxtəlif rayonlarında yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Masallı rayonunda da köhnəlmiş piyada keçidlərinin yenilənməsi və yol nişanlarının müasir standartlara uyğunlaşdırılması işləri həyata keçirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Lənkəran Regional İdarəsinin rəisi Mirelvin Hüseynovun rəhbərliyi ilə Masallı şəhərinin müxtəlif küçə və prospektlərində köhnəlmiş piyada keçidləri yenidən xətlənib, istifadəyə yararsız vəziyyətə düşmüş yol nişanları isə yenilənərək quraşdırılıb.
Görülən işlər nəticəsində piyadaların yolu təhlükəsiz şəkildə keçməsi üçün daha əlverişli şərait yaradılıb. Xüsusilə məktəblərin, uşaq bağçalarının, dövlət müəssisələrinin və insanların intensiv istifadə etdiyi ərazilərdə piyada keçidlərinin yenilənməsi yol hərəkətinin təhlükəsizliyinin artırılmasına mühüm töhfə verir.
Qeyd edək ki, həyata keçirilən tədbirlər yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına, piyadaların təhlükəsizliyinin təmin edilməsinə və şəhərdaxili hərəkətin daha səmərəli təşkilinə xidmət edir. Yenilənən yol nişanları sürücülərin piyada keçidlərini daha rahat görməsinə və yol hərəkəti qaydalarına düzgün əməl etməsinə imkan yaradır.
AYNA-nın Lənkəran Regional İdarəsi tərəfindən bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Məqsəd Masallının bütün istiqamətlərində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək, eyni zamanda sürücülərin diqqətini artıraraq yol hərəkəti təhlükəsizliyini daha da gücləndirməkdir.
Mütəxəssislər sürücülərə bir daha piyada keçidlərinə yaxınlaşarkən sürət həddinə ciddi riayət etməyi, diqqətli olmağı və piyadalara üstünlük verməyi tövsiyə edirlər. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.















Cənubunsəsi
Mərhəmət Lələyev
Məlumatdan və fotodan istifadə etdikdə istinad mütləqdir