"Dövlətin yanınızda olduğunu hiss etmək insana böyük güc verir" – Nigar Abbasovanın uğur hekayəsi

"Dövlətin yanınızda olduğunu hiss etmək insana böyük güc verir" – Nigar Abbasovanın uğur hekayəsi

Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi" ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafına təkan verən ən uğurlu sosial-iqtisadi təşəbbüslərdən biridir. Layihənin əsas məqsədi həssas əhali qruplarından olan vətəndaşların və işsiz şəxslərin özünüməşğulluq fəaliyyətinə cəlb olunması, onların dayanıqlı gəlir mənbələrinə yiyələnməsi və rəsmi əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, layihə çərçivəsində indiyədək 26 mindən çox şəxs zəruri avadanlıqla təmin olunaraq öz şəxsi biznesini uğurla qurub. Proqramın əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır və 2026-2029-cu illəri əhatə edən növbəti mərhələdə daha 30 min şəxsin layihəyə cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, fəaliyyətini uğurlu şəkildə quran benefisiarlar arasından 300 nəfər "Həvəsləndirmə mükafatları" müsabiqəsinin qalibi seçilib.

Həmin qaliblərdən biri də müasir qadın gözəllik salonu açaraq öz arzularını gerçəkləşdirən Nigar Abbasovadır. O, müsahibəsində peşə seçimindən, qarşılaşdığı çətinliklərdən, dövlət dəstəyinin rolundan və gələcək planlarından danışıb.


- Nigar xanım, saç ustalığı peşəsinə gəlişiniz necə oldu? Bu sahəni seçməyinizə nə təkan verdi?
- Mən 1981-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşam. Uşaqlıqda ərəb və fars dillərinin tədris olunduğu mədrəsədə təhsil almışam, eyni zamanda orta məktəbdə də əlaçı olmuşam. Uşaqlıq arzum cərrah olmaq idi. Sonralar dərzilik peşəsinə yiyələndim, lakin tezliklə hiss etdim ki, bu, mənim qəlbimə yatan və daxili potensialımı tam reallaşdıran sahə deyil.
Zamanla məndə saç ustalığına dərin maraq yaranmağa başladı. Hələ erkən yaşlarımdan yaxınlarımın, qohumlarımın saçlarını düzəldir, hər kəsin fərdi xüsusiyyətlərinə uyğun modellər seçirdim. Bu işin mənə doğma olduğunu anlayandan sonra xalamın dəstəyi ilə Bakıya gəldim və 10 aylıq peşə kursuna yazıldım. Burada həm nəzəri, həm də praktiki biliklərə yiyələndim. Öyrəndiklərimi hər gün tətbiq edir, uğurlu nəticələri gördükcə bu sənətə olan sevgimi və inamımı daha da artırırdım.
- İlk addımlardan öz salonunuzu açana qədər hansı sınaqlardan keçdiniz?
- Mənim xarakterimdə geri çəkilmək anlayışı yoxdur. Bir yola çıxmışamsa, onu mütləq sona qədər çatdırmalıyam. Əlbəttə, maddi çətinliklərim də olub, həyatın müxtəlif sınaqları ilə də üzləşmişəm. Müxtəlif qadın salonlarında çalışanda həmişə arzulayırdım ki, öz məkanım olsun - həm özüm işləyim, həm də başqa qadınlar üçün iş imkanı yarada bilim.
Lakin öz salonunu açmaq böyük resurslar - icarə haqqı, peşəkar avadanlıqlar və təşkilati xərclər tələb edir. İndiki salonu götürmək təklifi alanda ilk reaksiyam tərəddüd olmuşdu, düşünürdüm ki, bu maliyyə öhdəliyini təkbaşına qarşılaya bilmərəm. Lakin insan bir şeyi səmimi istəyəndə və əzm göstərəndə imkan qapıları da üzünə açılır.
- Özünüməşğulluq proqramı ilə yollarınız necə kəsişdi və bu layihə fəaliyyətinizdə nələri dəyişdi?
- Məşğulluğa Dəstək Layihəsi barədə mediadan məlumat aldım. Dövlət Məşğulluq Agentliyinə müraciət edərək rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçdim və özünüməşğulluq proqramına qoşuldum. Növbəti mərhələdə biznes təlimlərində iştirak etdim və 2024-cü ilin may ayında tam təchiz olunmuş salonumuzun fəaliyyətinə başladıq.
Dövlətin dəstəyi mənə böyük inam və güc verdi. İlkin avadanlıq təminatı, peşə hazırlığı və mütəxəssislərin daimi dəstəyi sayəsində biznesimi qısa müddətdə dayanıqlı etdim. Hazırda proqramın ikinci mərhələsindəyəm və "Həvəsləndirmə mükafatları" müsabiqəsinin qalib benefisiarlarından biri seçilmişəm.
- Deməli, dövlət dəstəyi fəaliyyətinizin genişlənməsində həlledici rol oynadı...
- Bəli, tamamilə doğrudur. Göstərilən köməyə görə dərin minnətdarlığımı bildirirəm. Mən bunu sadəcə avadanlıq dəstəyinin göstərilməsi kimi dəyərləndirmirəm. Dövlətin sizin arxanızda olduğunu, yanınızda durduğunu hiss etmək insana tükənməz bir güc, inam və ruh yüksəkliyi verir.
İş yalnız biznesi qurmaqla bitmir; əsas məsələ həmin biznesin dayanıqlılığını təmin etmək, onu genişləndirməkdir. Fəaliyyətə başladıqdan sonra yeni avadanlıqlara və əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Belə məqamda dövlətin əlavə dəstək mexanizmləri sahibkarın qarşısında tamam yeni üfüqlər açır.
- Eşitdiyimizə görə, siz həm də öz sahənizdə peşə kursları təşkil edirsiniz...
- Bəli, Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə öz salonumda işə başlamaq istəyən xanımlar üçün peşə kursları təşkil edirəm. Müraciət edənlər çoxdur, lakin mənim üçün ən başlıca kriteriya intizam, həvəs və məsuliyyətdir.
Bu sahədə ilk addımlarını atan xanımlara tövsiyə edirəm ki, əsla çəkinməsinlər, öz güclərinə inansınlar. İnsan öz işini sevərək və əzmlə icra edərsə, uğur qaçılmazdır.

- Nigar xanım, salonunuzdakı kəpənəkli çilçıraq əhvalatının xüsusi bir mənası var. Oxucularımız üçün bu maraqlı xatirəni bölüşə bilərsinizmi?
- Bu rəmzin mənim üçün həqiqətən dərin ideoloji mənası var. Bir dəfə rəfiqəmlə bir məkanın yanından keçəndə orada gözəl kəpənək formalı çilçıraq görmüşdüm. Onda arzu edib demişdim: "İnşallah, nə vaxtsa hündür tavanlı, geniş və işıqlı bir salonum olsa, ora mütləq kəpənəkli çilçıraq asacağam".
İndiki salonu icarəyə götürmək üçün baxmağa gələndə içəridə məhz həmin çilçırağın olduğunu gördüm! Bu, arzularımın çin olacağına dair ilahi bir işarə idi. Kəpənək mənim üçün qanadlanmaq, yenilənmək və xəyallara doğru pərvazlanmaq rəmzidir.
- Qarşıda hansı böyük hədəfləriniz var?
- Əsas hədəfim salon şəbəkəmi genişləndirmək və yeni filiallar açmaqdır. Daha çox xanımı işlə təmin etmək, onlara peşəmin sirrlərini öyrətmək istəyirəm. Özünə inanan, məsuliyyətli və çalışqan xanımlarla birgə güclü komanda şəklində addımlamağı planlaşdırıram.
- Sonda "Məşğulluğa Dəstək Layihəsi"ni bir cümlə ilə necə ifadə edərdiniz?
- Bu layihə mənə əslində kim olduğumu xatırlatdı - o, içimdə uzun müddət gizli qalmış, daxilən güclü və mübariz "Nigar"ı ortaya çıxardı. Agentlik əməkdaşlarının "Siz bizim ən güclü benefisiarlarımızdan birisiniz" sözləri isə mənə daha böyük zirvələri fəth etmək üçün tükənməz motivasiya verdi. Bütün vətəndaşlarımıza, xüsusilə də xanımlara demək istəyirəm: əsla tərəddüd etməyin, öz potensialınıza inanın! Dövlətin yanınızda olduğunu, arxanızda durduğunu hiss etmək insana tükənməz bir güc və cəsarət verir.