Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın

Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın

Azərbaycan Respublikasının Milli Məclisi 2026-cı il oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.

Fakt.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd edilib ki, Avropa Parlamentinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü siyasi xətt İkinci Qarabağ müharibəsindən sonra daha böyük dərəcədə qarşıdurma xarakteri almışdır: "Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə çağırışları Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, Avropa Parlamentinin suveren ölkənin dövlət orqanlarının səlahiyyət dairəsini müəyyən etməyə, onun hüquq-mühafizə və məhkəmə qurumlarına göstərişlər verməyə, ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyənləşdirməyə haqqı çatan fövqəlmilli hakim kimi çıxış etmək cəhdlərindən əl çəkməməsi təəccüb doğurur. Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir.