Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Qərbi Afrika ölkəsi Qvineya-Bisauda 14 min yeni doğulmuş körpənin iştirakını nəzərdə tutan hepatit B peyvəndi sınağının keçirilməsinə icazə verilib. Tədqiqat çərçivəsində körpələrin yarısına doğuş zamanı peyvənd vurulacaq, digər yarısı isə həyatının ilk altı həftəsində bu peyvəndi almayacaq.
Bu barədə Britaniyanın "The Guardian” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, danimarkalı alimlərin həyata keçirməyi planlaşdırdığı tədqiqat ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi tərəfindən dəstəklənir.
Kennedi daha əvvəl peyvəndlərin təhlükəsizliyi ilə bağlı mövqeyi ilə tanınıb və yeni doğulmuş körpələrin hepatit B əleyhinə peyvəndlənməsi məsələsinə yenidən baxılmasını müdafiə edib.
Tədqiqatın keçirilməsinə Cənubi Danimarka Universitetinin etika komitəsi və Qvineya-Bisau rəsmiləri razılıq veriblər. Halbuki layihə ilin əvvəlində beynəlxalq etirazlardan sonra dayandırılmışdı.
Qərar Danimarkada da ciddi narazılıq doğurub. Tədqiqatı qiymətləndirən komitənin üzvlərindən biri Stiq Börsen Hansen etik narahatlıqları əsas gətirərək istefa verib. Daha üç komitə üzvü də etiraz olaraq vəzifəsindən ayrılıb.
Hansen bildirib ki, körpələrin təsadüfi seçim əsasında peyvənd olunmayan qrupa daxil edilməsi onların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
"Peyvəndin doğum dozasını almamaq üçün təsadüfi seçilən uşaqlar həyatlarının ilk günlərində hepatit B-yə yoluxma riski ilə üzləşirlər. Bu isə ömürlük, geri dönməz nəticələrə səbəb ola bilər”, – o vurğulayıb.
Filadelfiya Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Pol Offit də tədqiqatı kəskin tənqid edib. Onun fikrincə, ABŞ-də etik səbəblərdən keçirilməsi çətin olan belə bir sınağın Afrika ölkəsində aparılması ciddi suallar doğurur.
Nəşrin əldə etdiyi yenilənmiş protokola əsasən, tədqiqat başlamazdan əvvəl analar hepatit B virusuna görə yoxlanılacaqlar. Test nəticəsi müsbət olan anaların körpələri peyvənd ediləcək və sınaqdan kənarda saxlanılacaq. Nəticəsi mənfi olan anaların uşaqları isə tədqiqata cəlb edilə biləcəklər.
Lakin mütəxəssislər bu tədbirin bütün riskləri aradan qaldırmadığını bildirirlər. Onların sözlərinə görə, hepatit B yalnız anadan uşağa deyil, ailə üzvləri və digər yaxın təmaslar vasitəsilə də ötürülə bilər.
"The Guardian” yazır ki, Qvineya-Bisau hepatit B virusunun geniş yayıldığı ölkələrdəndir. Ölkədə yetkin əhalinin təxminən 18 faizinin virus daşıyıcısı olduğu bildirilir.
Erkən yaşda hepatit B-yə yoluxma xroniki infeksiya, qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağır fəsadların yaranma riskini artırır.
Tədqiqatın maliyyələşdirilməsi də diqqət mərkəzindədir. Məlumata görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) layihəyə 1,6 milyon dollar ayırıb. Layihəyə özəl fondlar tərəfindən də maliyyə dəstəyi nəzərdə tutulur.
Tədqiqat çərçivəsində peyvəndin uşaq ölümlərinə, dəri xəstəliklərinə və sinir sisteminin inkişafı ilə bağlı göstəricilərə mümkün təsirlərinin araşdırılması planlaşdırılır.
Orhus Universitetinin professoru Henrik Stövrinq bildirib ki, hepatit B peyvəndinin faydaları uzun illər ərzində aparılan elmi araşdırmalarla təsdiqlənib. Onun fikrincə, bəzi körpələrin peyvənddən məhrum edilməsi etik baxımdan əsaslandırılmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı hepatit B-yə qarşı ilk peyvənd dozasının doğuşdan sonra mümkün qədər tez, ideal halda ilk 24 saat ərzində vurulmasını tövsiyə edir.
Qeyd edək ki, Qvineya-Bisauda bütün yeni doğulmuş körpələrin hepatit B əleyhinə peyvəndlənməsinə başlanmasının əvvəlcə 2027-ci ilə planlaşdırıldığı, lakin sonradan 2028-ci ilə təxirə salındığı bildirilir.
///teleqraf///