Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” başlayır

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” başlayır


2026-cı il oktyabrın 15-18-də Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” keçiriləcək. 
2026-cı il sentyabrın 21-də bu Proqrama dair müvafiq elan verilib, 10 gün ərzində müraciətlər qəbul olunub. 110-adək QHT təmsilçisindən proqrama qatılmaq üçün müraciətlər daxil olub. İştirakçılar seçim əsasında müəyyən olunub. Seçim zamanı ilk dəfə iştirak edənlərə, QHT-lərdə layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda fəaliyyət göstərən QHT-lərə, xarici dil bilgisi olan təmsilçilərə, QHT-nin sosial media səhifələrini idarə edənlərə üstünlük verilib. Nəticədə 100-ə yaxın QHT təmsilçisi uğurla Proqrama qəbul olunub. 
Proqram çərçivəsində peşəkar ekspertlər QHT-lərə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, sosial media ilə iş və digər mühüm mövzularda bilik və bacarıqlar aşılayacaq. Sessiyalar zamanı iştirakçılar bu sahədə biliklərini möhkəmləndirmək üçün praktiki tapşırıqlar yerinə yetirəcəklər. 
İndiyədək Agentlik tərəfindən 6 “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib:
2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində, 2025-ci ildə isə Şuşa şəhərində icra olunub. Ümumilikdə bu proqramlarda 600-dən çox QHT nümayəndəsi iştirak edib.
Bu proqramlar QHT müsabiqələrində son illər layihələrin yazılması və icrası keyfiyyətinin getdikcə yüksəlməsinə öz töhfəsini verib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bundan sonra da QHT-lərə konsultativ və metodiki dəstək göstərməkdə davam edəcək.