Masallıda valideyn konfransı keçirilib - FOTO
Masallı Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində valideyn konfransı keçirilib.
Fakt.info xəbər verir ki, konfransın əsas məqsədi məktəb və valideynlər arasında əməkdaşlığın gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının genişləndirilməsi, eləcə də şagirdlərin təlim-tərbiyəsində ailə və məktəbin birgə məsuliyyətinin artırılması olub.
Tədbirdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, davamiyyət və nizam-intizam məsələləri, sağlam məktəb mühitinin formalaşdırılması, həmçinin valideynlərin övladlarının təhsilinə daha fəal dəstək göstərməsinin əhəmiyyəti müzakirə olunub.
Bildirilib ki, şagirdlərin akademik göstəricilərinin yaxşılaşdırılması, onların şəxsiyyət kimi formalaşması və gələcək uğurlarının təmin edilməsi yalnız məktəbin deyil, həm də ailənin üzərinə düşən mühüm vəzifədir. Bu baxımdan məktəb-valideyn əməkdaşlığının davamlı və səmərəli qurulması xüsusi əhəmiyyət daşıyır.
Konfrans çərçivəsində valideynləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr keçirilib.
Qeyd edək ki, məktəb və ailə arasında sağlam əməkdaşlıq mühitinin yaradılması şagirdlərin hərtərəfli inkişafına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və gələcək nəslin daha savadlı, məsuliyyətli vətəndaşlar kimi yetişməsinə mühüm töhfə verir.










