Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı

Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı

Rusiya hərbi təyyarələrinin Yaponiya hava məkanını pozması Tokio ilə Moskva arasında gərginliyi artırıb.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya hadisəyə görə Rusiyaya etiraz notası təqdim edib. İki ölkə arasında İkinci Dünya müharibəsindən sonra həllini tapmayan Kuril adaları mübahisəsi yenidən gündəmə gəlib.

Yaponiya hökumətinin noyabrın 17-də verdiyi məlumata görə, Rusiyaya məxsus olduğu ehtimal edilən iki hərbi təyyarə Fukuoka yaxınlığındakı Okinoshima adası ətrafında ölkənin hava məkanını pozub. Yaponiya qırıcıları havaya qaldırılıb. Cənubi Koreya da Rusiya təyyarələrinin hava hücumundan müdafiə zonasına daxil olması səbəbindən hərbi aviasiyasını hərəkətə gətirib.

Gərginliyin kökləri XIX əsrə gedib çıxır. Yaponiya və Rusiya 1904-1905-ci illərdə müharibə aparıb. 1945-ci ildə isə Sovet ordusu Kuril adalarını nəzarətə götürüb. Yaponiya İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddiasını bu gün də davam etdirir.

1956-cı ildə iki ölkə müharibə vəziyyətinə son qoysa da, ərazi mübahisəsi səbəbindən indiyədək sülh müqaviləsi imzalanmayıb.

Digər tərəfdən, Çin və Rusiyanın hərbi əməkdaşlığı da regionda narahatlığı artırır. Lowy İnstitutunun təhlilinə görə, iki ölkə iyul ayında Yaponiya ətrafında birgə hərbi təlimlər keçirib, oktyabrda isə Çin nümayəndə heyəti mübahisəli İturup adasına səfər edib.

Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı sərt mövqeyi və müdafiə büdcəsinin artırılması fonunda Sakit okean regionunda hərbi qarşıdurma ehtimalları da müzakirə olunur.