“68 min 100 manatımı qaytarın!” – İmişlidən sərt çağırış

“68 min 100 manatımı qaytarın!” – İmişlidən sərt çağırış

İmişli şəhəri, Dədəqorqud küçəsi, ev 45 ünvanında yaşayan şikayətçi Yusubova Ceyran Həbib qızı tərəfindən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova və Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova ünvanladığı şikayət ərizəsinin bir surəti də redaksiyamıza daxil olub.



Müraciət müəllifi bildirir ki, beş ilə yaxın müddətdir İmişli rayon Prokurorluğu və İmişli Rayon Polis Şöbəsinin istintaq qurumları ilə bağlı problemlərlə üzləşir. Şikayətçinin sözlərinə görə, İmişlidə gözəllik salonlarının sahibi və ustası olan Ulduz Gülməmmədova (Ağayeva) İntiqam qızı ayrı-ayrı vaxtlarda aldadıcı yolla ondan ümumilikdə 68 min 100 manat pul alıb və bu vəsaitin qaytarılmamasından, cinayət məsuliyyətindən yayınmasından şikayətçidir.
Ceyran Yusubova qeyd edir ki, bu məsələ ilə bağlı əvvəlki vəkilləri – Vəkillər Kollegiyasının üzvü Fəyyaz və vəkil köməkçisi Fazil İbrahimov sonradan işdən çəkiniblər, şikayətlərin nəticə vermədiyini bildiriblər və aralarındakı müqavilə qarşılıqlı razılıqla ləğv olunub. Onun iddiasına görə, vəkillərin aldıqları 3 min manatın 2 min manatı geri qaytarılıb.
Şikayətçi müraciətində həmçinin ayrı-ayrı istintaq və araşdırma mərhələlərindən bəhs edir:
İlk şikayətə baxan müstəntiq Elgün (müraciətdə rəhmətə getdiyi qeyd olunur) tərəfindən Ulduz Gülməmmədova ilə üzləşdirmə aparıldığını, vəkillərin iştirakı ilə 7 min manatın geri alındığını, lakin həmin məbləğdən 300 manatın müstəntiqə veriləcəyinin deyildiyini bildirir. Daha sonra işin mülki iş sayılması ilə bağlı qərar qəbul edildiyini, lakin İmişli rayon prokuroru Valeh Səmədovun onun şikayəti əsasında həmin qərarı ləğv edərək yenidən araşdırmaya göndərdiyini qeyd edir.


İşin sonradan Saməd Məmmədova verildiyini, izahat alınarkən şahidlərin adlarının qeyd olunmadığını, Valeh Səmədovun bu qərarı da ləğv edərək araşdırmaya göndərdiyini iddia edir.
Növbəti mərhələdə işin müstəntiq Tusiyə həvalə olunduğunu, 3 min manatın qaytarılması ilə bağlı çağırış zamanı 500 manatın istənildiyini, oğlu Alim Məmmədovun DİN-in "102" qaynar xəttinə müraciət etdiyini, daha sonra isə cinayət işinin başlanmasının rədd edildiyini bildirir. Qərarın yenidən ləğv olunmasından sonra rədd qərarının müstəntiq Allahverdi tərəfindən icra edildiyini və həmin 3 min manatın taleyinin məlum olmadığını vurğulayır.


Müraciətdə Baş prokuror Kamran Əliyevin və daxili işlər naziri Vilayət Eyvazovun İmişlidəki vətəndaş qəbulları zamanı yaranan vəziyyətlərə də toxunulur. Müəllif prokuror müavini və polis istintaq şöbəsinin rəisi Rövşən ilə bağlı narazılığını ifadə edir, həmçinin Ulduz Gülməmmədovanın şirkət və qeyri-hökumət təşkilatı (QHT) ilə bağlı iddialarından, 8 saylı Vergilər İdarəsinə onun barəsində sələmçilik iddiası ilə müraciət olunmasından və bunun böhtan kimi qiymətləndirilməsindən danışır. QHT ilə bağlı sənəd və vəsiqənin surətinin şikayətə əlavə olunduğu qeyd edilir.
Sonda Ceyran Yusubova aidiyyəti rəhbər şəxslərdən və qurumlardan işin nəzarətə götürülməsini, təftiş və istintaq aparılmasını, cinayət işinin başlanmasını və ondan dələduzluq yolu ilə alınan pulun qaytarılmasına köməklik göstərilməsini xahiş edir.
Qeyd: Yazı redaksiyaya daxil olmuş şikayət ərizəsi əsasında hazırlanıb; müraciətdə yer alan iddialar və ittihamlar şikayətçinin mövqeyini əks etdirir.
Gundemxebertv.com