“Ad gününü yuxuda qeyd edən şair” - ARİF FƏRZƏLİ 70

“Ad gününü yuxuda qeyd edən şair” - ARİF FƏRZƏLİ 70

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran Bölməsində tanınmış şair, publisist və pedaqoq Arif Fərzəlinin 70 illik yubileyi münasibətilə “Ad gününü yuxuda qeyd edən şair” adlı tədbir keçirilib.

Fakt.info xəbər verir ki, yubiley tədbirində bölgə yazarları, ziyalılar, jurnalistlər, şairin qələm dostları və ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı və dramaturq Qafar Cəfərli açaraq iştirakçıları salamlayıb, yubilyarı 70 illik münasibətilə təbrik edib. O, çıxışında Arif Fərzəlinin həyat və yaradıcılıq yoluna toxunaraq bildirib ki, mərhum şair Xudakərim Məftunun oğlu olan Arif Fərzəli ixtisasca ali təhsilli kimya müəllimi olsa da, sonradan Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Bu gün o, bölgədə və ölkədə tanınan, oxunan və sevilən şairlərdən biridir.

Şair-publisist, filoloq Əlizaman Baxış Arif Fərzəlinin həyat və yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib, şairin poeziyasının özünəməxsus xüsusiyyətlərindən, ədəbi fəaliyyətindən və yaradıcılıq yolundan bəhs edib.

Yubiley tədbirində əməkdar jurnalist Zakir Abbas, tanınmış jurnalistlər Akif Ağayev, Cəfər Cəfərov və Mərhəmət Lələyev, tanınmış pedaqoq Xanım Baxışova, şair və yazıçılar Allahverdi Bayrami, Səyavuş Süleymanlı, Xatirə Xatun, Xanlar Həmid, Ağamir Cavad, Tahir Heydərli, Hafiz Mirzə, Əhməd Haqsevər, Gülarə Fazilqızı, Qardaşxan Fərzi, Əliməmməd Ağazadə və Ramiz Babacanov çıxış edərək yubilyarı təbrik edib, onun poeziyası və yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşüblər.

Tədbirdə jurnalist Cəfər Cəfərov sədri olduğu Masallı rayonu Ərkivan Xeyriyyə Cəmiyyətinin Fəxri Fərmanını və hədiyyəsini Arif Fərzəliyə təqdim edib.

Yubilyarın nəvələri Zəhra və Əyyub Fərzəliyevlərin, eləcə də şairlər Əlizaman Baxış, Akif Ağayev və Əyyub Türkayın ifasında səsləndirilən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirə yekun vuran Qafar Cəfərli yubilyarı bir daha təbrik edib, tədbir iştirakçılarına təşəkkürünü bildirib və Arif Fərzəlinin yubiley tədbirlərinin davam etdiriləcəyini xüsusi vurğulayıb.
Sonda xatirə şəkilləri çəkdirilib.