İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.
Fakt.info-nun məlumatına görə, mətndə deyilir:
Hörmətli cənab Prezident,
Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.
Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".