Türk xalqları arasında QHT əməkdaşlığı yeni mərhələdə

Türk xalqları arasında QHT əməkdaşlığı yeni mərhələdə

Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunu türk dünyasının bu iki ölkəsininin bugünkü və gələcək inkişaf yolunun yeni bir mərhələsi hesab etmək olar. Məsələ burasındadır ki, bu gün Türk Dövlətləri Təşkilatının yaranması ayrı-ayrı təşkilatların öhdəsinə müəyyən vəzifələr qoyur.
Belə ki, türk dövlətləri təşkilatının gələcək taleyi xalqların inteqrasiyası və yaxınlaşmasından keçir. Bu mənada, vətəndaş cəmiyyətlərinin inteqrasiyası və yaxınlaşmalarının böyük rolu var. Artıq neçə gündür ki, Azərbaycan və Özbəkistan nümunəsində bu yaxınlaşma və inteqrasiyanın ən yaxşı nümunəsini görürük.
Bu prosesdə Azərbaycan və Özbəkistanın dövlət qurumları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı mövcud təcrübələrin qarşılıqlı şəkildə paylaşmasına imkan yaradır. Bu təcrübənin paylaşılmasında hər iki respublikanın Prezident Aparatı səviyyəsində iştirak bu inteqrasiyanın nə qədər vacib və zəruri olduğunu ortaya çıxarır. Xüsusilə, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və ya əməkdaşlarının təcrübə mübadiləsi məndə böyük maraq doğurdu. Mənim təmsil olunduğum "Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" təşkilatının da paylaşılmalı çoxlu təcrübəsi vardır. 44 günlük Qarabağ zəfərindən sonra bu təşkilatın türk xalqları arasında qələbə təcrübəsini bölüşməsinə də böyük ehtiyac yaranmışdır.
Bütün strukturlarda bu təcrübənin inteqrasiyası türk xalqlarını yaxınlaşdıran amillərdəndir. Düşünürəm ki, bu istiqamətdə layihələrin sayını artırmaq, türk xalqlarının birləşməsinə yönəlik inteqrasiyanı daha da artırmaq lazımdır. Bu inteqrasiya yalnız, ortaq dildə, əlifbada, təfəkkürdə deyil, həm də qeyri-hökumət təşkilatlarının yaxınlaşmasında baş verməlidir. Bütün bunlar vətəndaş cəmiyyətinin yerli və qlobal səviyyədə təşkilatlanmasında da böyük əhəmiyyəti vardır. Nəticədə bu cür yaxınlaşmalar bütövlükdə türk xalqlarının yaxınlaşmasına, Turana gedən yolda eyni isrtiqamətdə yol getməsinə imkan yaradır.
Bədirxan Əhmədli,
Filologiya elmləri doktoru, professor