İlk mənzil seçimi 23-cü saniyədə reallaşdı

İlk mənzil seçimi 23-cü saniyədə reallaşdı

Sumqayıt və Lənkəran yaşayış kompleksləridə yerləşən ümumilikdə 544 mənzilin satış prosesinə dekabrın 6-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) AZXEBER.COM-a verilən məlumata görə, ilk mənzil seçimi 23-cü saniyədə baş tutub.

Bildirilib ki, seçilmiş 544 mənzilin 522-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Qeyd edilib ki, gözləmə qaydasında mənzillərin seçimi isə dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-dək davam edəcək:

"Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər.

Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək”.

Qeyd edilib ki, dekabrın 6-da seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.