“URBANVİSİONS” BEYNƏLXALQ GƏNCLƏR FORUMUNA START VERİLİB

“URBANVİSİONS” BEYNƏLXALQ GƏNCLƏR FORUMUNA START VERİLİB

Bu gündən Gənclər və İdman Nazirliyinin dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakıda “UrbanVisions” Beynəlxalq Gənclər Forumuna start verilib. Forumun açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova, Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, ARPO Şəhər Renovasoyalarının “Şəhər Memarları” departamentinin baş direktoru Nikolay Novikov çıxış ediblər.
 
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının 2024-cü il üzrə fəaliyyətinin dəstəklənməsi məqsədilə elan etdiyi qrant müsabiqəsi çərçivəsində keçirilən forum 11 ölkədən 70 gənci bir araya gətirir.
 
Tədbirin onlayn mərhələsində dayanıqlı şəhərsalma mövzularında ekspertlər tərəfindən hazırlanmış videoları izləyən iştirakçılar praktiki təlimlərə qatılacaqlar. Oflayn mərhələsində isə iştirakçılar 6 komandaya bölünərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən seçilmiş və Bakının Baş planında göstərilmiş iki ərazi üzrə 6 layihə hazırlayacaqlar. Münsiflər heyəti tərəfindən seçilən iki ən uğurlu layihə gələcəkdə layihələndirilmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim ediləcək.
Forum çərçivəsində memarlıq büroları ekspertlərinin iştirakı ilə panel müzakirələr də təşkil olunur. Foruma dekabrın 8-də yekun vurulacaq.