Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

Fakt.info
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışa şəhər və rayonlardan ümumilikdə 75 idmançı qatılıb.

2008-2010-cu il təvəllüdlüləri əhatə edən birincilikdə iştirakçılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Nəticələrə gəlincə, Ələkbər Əsgərov, Seymur Həsənov, Əlican Nəcəfov, Polad Əhmədov, Hüseyn Rəcəbli, Tayson Xudadanov, Şulan Bayramov, Həsən Oktyabrski, Əli Oktyabrski və Əli Mirzəli müvafiq çəki dərəcələri üzrə birinci olublar.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib. İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.

Yarış böyüməkdə olan gənc nəsli idmana təşviq etməklə zərərli vərdişlərdən yayındırmaq, muxtar respublikada güləş idman növünün inkişafına töhfə vermək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edib.