Masallıda Erkən nikahın fəsadları ilə bağlı maarifləndirici görüş keçirilib
Masallı Rayon Polis Şöbəsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektoru ilə birgə Masallı şəhər şəhid İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbində şagirdlərin sağlam həyat tərzinə təşviqi və maariflənməsi məqsədilə zərərli vərdişlər və erkən nikahın fəsadları mövzusunda maarifləndirici görüş keçirib.
Fakt.info xəbər verir ki, görüş zamanı Zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik və s.) sağlamlığa, təhsilə və psixoloji duruma təsiri haqqında ətraflı məlumat verilib. Erkən nikahın fərdin gələcək həyatına, təhsilə davamlılıq imkanlarına və cəmiyyətə təsiri barədə müzakirələr aparılmışdır.
Məktəblilər aktiv iştirak edərək suallar vermiş, real həyatdan nümunələr və statistik məlumatlar əsasında maarifləndirilmişlər.
Belə tədbirlər şagirdlərdə sağlam həyat tərzinə marağın artırılması və həyatlarına düzgün istiqamət vermələri baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, rəis müavini polis-mayoru İxtiyar Talıbov, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev, litseyin yuxarı sinif şagirdləri və müəllimləri iştirak etmişlər.



