Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

Azərbaycan Dövlət Kukla Teatrı IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankarada səfərdədir.

Festival proqramına uyğun olaraq aprelin 25-də Ankaradakı “Cermodern” komsert mərkəzində Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinin  təqdimatında “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərildi.

Anşlaqla keçən nümayişin tamaşaçıları arasında tanınmış ictimaiyyət nümayəndələri,  mədəniyyət sahəsi mütəxəssisləri ilə yanaşı Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri, tanınmış alim, ictimai xadim Aygün Attar da vardı.
Birpərdəli uşaq tamaşasının   ideya və  quruluş müəllifi  Saida Haqverdiyeva, səhnə tərtibatçısı İqbal Əliyevdir.

Milli musiqilərlə zəngin səhnə işində obrazları Elnur Abbasquliyev, Rəhim Rəhimov, Səriyyə Mansurova, Aygül Ağayeva və Cavid Telman canlandırırdılar.
Ana ideyası türkiyəli teatrsevərlərə milli nağıl personajlarımızı təqdim etməklə müxtəlif  kukla oyun üslublarını təqdimat olan səhnə işi 
Azərbaycan musiqi əsərlərinin müşayiəti ilə daha da yaddaqalan oldu.

Nümayişin ardınca festival təşkilatçıları Azərbaycan təmsilçilərinə festivalda iştirak üçün təşəkkür edərək  fəxri diplom təqdim etdilər.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak edirdilər.
Ankarada start götürən sənət bayramı daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) davam edəcək.
Tədbirin  bağlanış ünvanı isə bu dəfə Şimali  Kipr Türk Cümhuriyyətidir.
Teatrın mətbuat xidməti