Masallıda “II Regional Gənclər Festivalı” keçirilib.

Masallıda “II Regional Gənclər Festivalı” keçirilib.

İyulun 24-də Masallı rayon Heydər Əliyev adına Parkda Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş “II Regional Gənclər Festivalı” keçirilib.

Festivalda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, digər rəsmi şəxslər, media nümayəndələri və Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarından olan gənclər iştirak ediblər.

Festival iştirakçıları idmançıların nümunəvi çıxışları, regionda fəaliyyət göstərən Gənclər evi Sosial Xidmət Müəssisələrinin, Masallıda fəaliyyət göstərən sənətkarlıq, əl işləri, xalq yaradıcılığı nümunələri ilə məşğul olan gənclərin sərgilərindən ibarət stendlərinə baxış keçiriblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Ulu Öndər gənclərə həmişə böyük qayğı və sevgi ilə yanaşıb, ölkəmizin gələcəyinin parlaq olması üçün gənclərə etimad göstərib. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafında, gənclərin önəmli rolu olduğunu bildirib. 

Sonra Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək Azərbaycan gənclərinin cəmiyyətin fəal səsi olduğunu və haqlı olaraq gənclərimizlə hər zaman fəxr edə biləcəyimizi, Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlığın bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edərək Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü işlərin hər zaman gənclər tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb və “II Regional Gənclər Festivalı”nın Masallı şəhərində keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığını bildirib.