İranın XİN başçısı: ABŞ ilə nüvə dosyesi üzrə dialoqu davam etdiririk
Rəsmi Tehran və Vaşinqton İranın nüvə proqramı ətrafında böhranın həlli məsələsində vasitəçilərlə mesaj mübadiləsini davam etdirir.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
"ABŞ ilə dialoq vasitəçilərlə davam edir. Amerikalıların qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları gün biz də tam hazır olacağıq. Hüquqlarımıza və maraqlarımıza hörmət etmək lazımdır", - o deyib.
İranın XİN rəhbəri qeyd edib ki, Tehran əvvəlki şərtlərlə danışıqlar masasına qayıtmayacaq; mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivə üzərində razılaşmaq lazım gələcək.
Əraqçinin sözlərinə görə, Avropa ölkələri ilə də onların BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarının bərpası təşəbbüsü ilə bağlı danışıqlar davam edir. "Üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa - red) böyük səhvə yol verdi və "snapback" mexanizminə müraciət etdi. Əslində, hər şey daha da mürəkkəbləşib. Danışıqlar davam edir və ümid edirəm ki, biz qarşılıqlı anlaşmaya nail olacağıq", - o əlavə edib.
/report