Masallı səhiyyəsinin tanınmış siması Vaqif Qurbanov yubileyini qeyd edir

Masallı səhiyyəsinin tanınmış siması Vaqif Qurbanov yubileyini qeyd edir

Masallı rayonunun səhiyyə sistemi üçün xüsusi xidmətləri ilə seçilən, Tibb üzrə fəlsəfə doktoru (kardiologiya üzrə), Masallı Rayon Mərkəzi Xəstəxanasının baş terapevti Vaqif Oruc oğlu Qurbanov 70 illik yubiley yaşını qeyd edir.

Onun elmi fəaliyyəti, həkimlik məktəbi və uzun illər boyu göstərdiyi peşəkar xidmətlər həm Masallı ictimaiyyəti, həm də Azərbaycan tibb mühitində böyük rəğbətlə qarşılanır.

Vaqif Qurbanov 16 noyabr 1955-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Abbaslı məhəlləsində dünyaya göz açıb. O, hələ məktəb illərindən bacarığı, təmkinli xarakteri və yüksək təhsil göstəriciləri ilə fərqlənirdi. 1972-ci ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini əla qiymətlərlə bitirməsi onun gələcək peşəkar yolunun təməlini qoydu.
Elə həmin il o, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə yüksək balla qəbul olunub. Tələbəlik illəri Vaqif Qurbanovun həm elmi, həm də ictimai fəallıq baxımından zirvəyə yüksəldiyi dövr olub.

Tibb institutuna 1972-ci ildə qəbul olunan 1350 tələbə arasında o, 1972–1974-cü illər ərzində tam əla qiymətlər göstərən və ictimai işlərdə fəallığı ilə seçilən tələbələrdən biri oldu. Məhz buna görə həmin dövrün ən yüksək mükafatı hesab olunan Lenin təqaüdünə namizəd göstərilib. Bu fakt onun tələbəlik illərindəki nüfuzunu və çalışqanlığını bir daha təsdiq edir.
1978-ci ildə institutu uğurla bitirən gənc həkim öz peşə fəaliyyətinə böyük həvəs və məsuliyyətlə başlayıb.

Vaqif Qurbanov kardiologiya sahəsində tədqiqatlar apararaq Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, indiyədək 20-dən çox elmi məqalənin müəllifi olmaqla yanaşı, “Kardiovaskulyar xəstəliklərin yeni risk faktorları” adlı monoqrafiyanın müəllifidir. Kitab həm yerli mütəxəssislər, həm də beynəlxalq tibb ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Vaqif Qurbanovun peşəkarlığı təkcə yerli təcrübə ilə məhdudlaşmır. O, mənzil qərargahı ABŞ-da olan və dünya üzrə ən geniş tibbi məlumat bazalarından biri kimi tanınan “Medscape”in fəal üzvüdür. O, tibbin müxtəlif sahələri üzrə 300-dən çox beynəlxalq ingilis dilli sertifikata malikdir ki, bu da onun dünyada qəbul olunan müasir tibbi trendləri yaxından izlədiyini göstərir.

Hazırda Vaqif Qurbanov Əvəz Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanasında baş terapevt kimi fəaliyyət göstərir. Onun həm pasiyentlərə yanaşması, həm də xəstəxanada gənc həkimlərin yetişdirilməsində rolu yüksək qiymətləndirilir. Müalicə metodlarında yenilikləri tətbiq etməsi, məsuliyyətli çalışma prinsipləri və tibbi etika məsələlərinə sadiqliyi onu Masallıda ən çox müraciət olunan həkimlərdən birinə çevirib.

Vaqif Qurbanov ailəlidir, bir oğlu var. Ailəsi onun həm elmi, həm də peşəkar uğurlarında hər zaman ən böyük dəstəkçisi olub.

Onun uzun illik zəhməti, insanlara şəfa vermək üçün göstərdiyi səylər və elmi fəaliyyətinin nəticələri Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfədir.

Vaqif Qurbanovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq. 
Fakt.info, 
Cəfər Cəfərov