Mübariz Cəbiyev – Zəhmət, vicdan və mərhəmətlə yoğrulan 70 illik ömür yolu

Mübariz Cəbiyev – Zəhmət, vicdan və mərhəmətlə yoğrulan 70 illik ömür yolu

Masallının Ərkivan kəndinin Cəbili məhəlləsi 7 noyabr 1955-ci ildə bir ziyalı ailəsində dünyaya göz açan bir övladla daha da işıqlanmışdı.

Bu gün 70 illik yubileyini qeyd edən Cəbiyev Mübariz Abdin oğlu həmin günün sevincini, o ailənin adı ilə birgə illərlə yaşadılmış hörmət və nəsil təmkinini öz ömründə layiqincə daşıyan şəxsiyyətlərdən biridir.

Onun atası – Cəbiyev Abdin Qədir oğlu – bölgənin ən savadlı, ən işıqlı müəllimlərindən biri idi. Abdin müəllimin elmi, mədəniyyəti, insanlara olan münasibəti oğlunun xasiyyətinə köçmüşdü. Mübariz Cəbiyev uşaqlıqdan zəhmətin, ədalətin, xeyirxahlığın nə olduğunu ailəsində öyrənmişdi.

Təhsil yoluna 1962-ci ildə Bədirli kənd 8 illik məktəbində başlayan Mübariz müəllim daha sonra Ərkivanın tanınmış “Ağ məktəb”ində – C.Cabbarlı adına orta məktəbdə – təhsilini davam etdirərək 1972-ci ildə buradan məzun oldu. Elə həmin il həyatının növbəti mərhələsinə qədəm qoyaraq Azərbaycan Politexnik İnstitutuna daxil oldu və təhsilini tamamlayaraq 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirdi.

Gənc mühəndis kimi ilk iş yerinə – Masallıda fəaliyyət göstərən 3 nömrəli “Azərkəndtikinti” trestinə təyinat alması onun həyatında yeni bir səhifə açdı. Burada çalışdığı illər ərzində o, sadəcə bir mühəndis yox, həm də təşkilatçı, idarəçi, yol göstərən, çətinliklərdən çıxış yolu tapan bir peşəkar kimi tanındı. Onun rəhbərliyi altında reallaşan layihələr Masallının tikinti salnaməsində iz qoydu.
1997-ci ildən etibarən isə Mübariz Cəbiyev öz bilik və bacarığını ölkə hüdudlarından kənarda – Rusiya Federasiyasının Krasnoyarsk vilayətində davam etdirdi. Həyatın çətinlikləri, uzaq şəhərlərin sərt iqlimi, ağır iş şəraiti onu sınamadı. Əksinə, daha dözümlü, daha təcrübəli, daha iradəli etdi.
2009-cu ildə yenidən Vətənə qayıdan Mübariz Cəbiyev “Elnur-2” Universal İstehsalat-Kommersiya Şirkətində peşəkar fəaliyyətini davam etdirdi. Bu illər ərzində onun rəhbərlik etdiyi tikintilər təkcə binalar deyildi – bu, uşaqların gələcəyi üçün qurulan məktəblər, kəndlərin inkişafına verilən töhfələr idi. Arus, Yelağacı, Qodman və Sığıncaq kəndlərində inşa olunan məktəblər bu gün də onun zəhmətini, məsuliyyətini və işinə sevgisini xatırladır.
Hazırda şirkətin baş mühəndisi kimi o, kollektivin etibarını qazanan, tikintiyə bələdçi olan, hər bir layihənin uğurla tamamlanması üçün özünü əsirgəməyən bir mütəxəssisdir.

Mübariz Cəbiyevi tanıyan hər kəs bilir: o, doğulduğu Ərkivan qəsəbəsinin sevdalısıdır. Harada işləməsindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, qəlbinin bir parçası həmişə Cəbili məhəlləsində, uşaqlıq xatirələrinin dolaşdığı dar küçələrdə, ata ocağında qalıb.
Bu bağlılıq illərdir ki, xeyriyyə işlərində konkret addımlara çevrilir. O, kənddə müxtəlif sosial layihələrə dəstək verir, aztəminatlı ailələrə yardım göstərir, məscid və qəbiristanlıqlarda abadlıq işlərinə kömək edir, ictimai təşəbbüslərin həyata keçməsində fəal iştirak edir.
Ərkivan ictimaiyyəti onu təkcə peşəkar mühəndis kimi yox, həm də mərhəmətli, səmimi və vətənpərvər insan kimi tanıyır.

Bu gün Mübariz Cəbiyev bir ömrün 70-ci pilləsinə çatıb. Bu 70 ildə o kəndinə bağlı vətəndaş, etibarlı dost, yüksək mədəniyyətə malik ziyalı və öz peşəsinin ustası olaraq tanınıb. Onun həyat yolu bir daha sübut edir ki, insanın dəyəri onun vəzifəsi ilə deyil, gördüyü işlə, xalqa və doğma torpağa olan sevgisi ilə ölçülür.

Bu mötəbər yaşında Mübariz Abdin oğlu Cəbiyevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, firavan ömür və uzun illər boyu davam edəcək uğurlar arzulayırıq.
Fakt.info, 
Cəfər Cəfərov