YÜKSƏKLİK 112-Hekayə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunub

YÜKSƏKLİK 112-Hekayə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunub

Cəbhənin ən sərt nöqtələrindən biri – Yüksəklik 112 idi. Daş divarları qopuq olan qədim bir məbəd... Min illər əvvəl dua səsi yüksələn bu yerdə indi top səsləri eşidilirdi. Buradan ətrafa baxanda torpaq sanki ovuc içi kimi görünürdü. Kim bu nöqtəni tutsa, savaşın yönünü dəyişə bilərdi.
Yeddi gənc əsgərə bu yeri qorumaq tapşırılmışdı. Onlar müharibənin ilk günlərindən bir yerdə idilər. Natiq içlərində ən sakit və ən diqqətcil olanı idi. Gözlərində qəribə bir dərinlik vardı — sanki çox şeyi görmüş, amma heç vaxt danışmamışdı.
“Bu məbəd bizim namusumuzdur,” – demişdi komandir. “Buranı itirsək, arxadakı kəndlər yanacaq.”
Natiq və yoldaşları məbədə yerləşdikləri gün bayrağı damda ucaltdılar. Külək hər dəfə bayrağı yelləyəndə içlərindəki gərginlik bir az çəkilirdi. Sanki o bayraq — ailələri, uşaqlıqları, arzuları idi.
İlk gecə hələ hər şey sakit keçirdi. Onlar anaları haqqında, sevgililərindən gələn məktublardan danışırdılar. Elvin gülümsəyərək deyirdi: 
  1. Əgər sağ qalsaq, gedib müəllim olacağam. Kənd məktəbində, sakit və dinc...
Natiq səssizcə bir küncdə uzanıb xəyallara dalmışdı. Səmra ilə vidalaşdığı səhnəni unuda bilmirdi.
— Səmra... – dedi Natiq, səsi bir az titrəyirdi. – Mən gedəcəyəm... könüllü.
Qız heç nə demədi. Sadəcə baxdı. Baxışlarında qorxu yox idi, amma ümid də qalmamışdı.
— Bilirəm, – dedi sakitcə. – Sən onsuz da gedərdin.
— Mən səni... səni qorumağa gedirəm. Səni, bu kəndi, o yaşıl təpələri... bizim xəyal etdiyimiz evi.
          Səmra onun qolundan tutdu:
  1. Natiq... Yalnız bir şey istəyirəm. 
        — Nə istəyirsən, de...
        — Söz ver ki, qayıdacaqsan. Mən səni gözləyəcəyəm... nə qədər lazım olsa da.
Natiq gözlərini yay çiçəklərinin içində itmiş kimi uzağa dikdi. Bir anlıq heç nə demədi. Sonra qızın əllərini öz əllərinə aldı:
— Səmra… məni gözlə. Söz verirəm, mütləq gələcəyəm.
Onlar ayrıldılar. Son görüşdə nə öpüşdülər, nə də ağladılar. Aralarında göz yaşından daha ağır olan bir duyğu vardı – Vətən. 
Uzaqdan gələn mərmi səsi Natiqi xəyallarından ayırdı. O, sovet ordusunda xidmət etdiyindən, o biri yoldaşlarından daha təcrürbəli idi. 
— Uşaqlar, mövqelərimizi dəqiqləşdirək. Elvin, sən bayraq tərəfdə mövqe tut. Samir, qapını qoruyacaqsan. Murad isə məbədin arxa tərəfinə nəzarət edəcək. Fəridlə İsmayıl yan tərəflərə keçsin. Mən isə dama qalxacağam, ətrafı tez-tez yoxlayıb sizə xəbər verəcəyəm.
  •  Natiq, ora qorxuludur, – yoldaşları eyni anda səsləndilər. – Səni qoruyacaq heç nə yoxdur.
Fərid əlavə etdi: 
  1. O, sərrast atıcıdır. Nişançı olması barədə sənədlərini öz gözlərimlə görmüşəm. Sovet ordusundan qayıdanda evlərinə getmişdim, Məleykə xala bizə yaxşı bir süfrə də açmışdı. Biz bir kənddənik. Arxayın olun —  o dama çıxsa, bir düşməni də yaxına buraxan deyil. 
Xeyli gülüşdülər, hərə öz mövqeyinə çəkildi.
            Natiq məbədin damında yer tutdu. Qürurla bayrağa baxdı. Üç rəngli bayrağın ay-ulduzu ay işığında səmada parıldayan ulduzlar kimi işıq saçırdı. Öz-özünə pıçıldadı:
  1. Nə qədər ki, bu bayraq dalğalanır, bu xalq, bu dövlət əbədi yaşayacaq. O bayrağı yüksəklərə qaldırmaq hər birimizin müqəddəs borcudur. 
O, arxası üstə uzanaraq, səmadakı bir-biri ilə yarışan ulduzlara bax-baxa yuxuya getdi.
Yuxusunda yenə Səmra ilə çay kənarında oturumuşdular. Ulduzlara baxıb ürəklərində arzu tuturdular. Səmra soruşdu:
  1. De görüm, ürəyimdə hansı arzunu tutmuşdum?
Natiq gülümsədi: 
— Yox, əvvəlcə sən de görüm, mən nə arzulamışdım?
— Yox, Natiq, birinci sən deyəcəksən.
— Yaxşı, təslim oldum, deyəcəyəm. Üzümü göylərə, yaradana, ulduzlara tutaraq söylədim ki, bizi heç nə ayıra bilməsin. Həmişə birlikdə olaq. Arzularımıza çataq.
Səmra asta səslə dedi: 
— Natiq… inanmazsan… mən də ürəyimdə eyni arzunu tutmuşdum. 
… Səmada parıldayan gün işığı Natiqin üzünü isitdi, gözlərini qamaşdırdı. Sübh çağı idi. Ayağa qalxıb ətrafları seyr etdi — hər tərəf sakitlik idi. Dağdan sərin meh əsirdi. Füsünkar gözəlliklər, xoş mənzərələr onu ağuşuna aldı. Buralar necə də onun doğma kəndini xatırladırdı: həmin o dağlar, meşələr, kəndlər, dərələr, çəmənliklər…
  1. Biz qalib gələcəyik! Bu torpağı geri qaytaracağıq. Heç şübhəm yoxdur. Vaxt gələcək, Səmra və uşaqlarımla buralara gəlib döyüş yolumu, başıma gələnləri onlarla bölüşəcəyəm.
Natiq düşüb postlarını yoxladı. 
  1. Halal olsun, igidlər. Hamınız yerinizdəsiniz. Neçə ki, sizin kimi igidlər var,   Vətən torpağı basılmaz. 
Onlar çaya düşüb yuyunduqdan sonra, imkan daxilində məbədə su daşıdılar. Az da olsa ərzaqları vardı. Ümid edirdilər ki, arxadan dəstək və ərzaq gələcək. 
Elə məbədə daxil olan anda atışma səsləri eşidildi. Səslər lap yaxınlardan gəlirdi. Hərə öz mövqeyini tutub döyüş vəziyyətinə keçdi.
Getdikcə hücumlar artdı. Hər tərəfdən mərmi düşür, gecələr qaranlıqda atəşlər parlayırdı. Düşmən yaxınlaşdıqca döyüş daha da sərtləşirdi. Və bu gecədəki hücumda, sanki dünya qaranlıqdan və partlayışlardan ibarət idi. İrəliləyən düşmənlər bir-bir torpağa düşürdülər — bu, Natiqin  nişançılıq məharəti idi.
Muradın yaralı bədəni titrəyirdi, amma o, əlində silahı hələ də sıxırdı.
— Natiq... bayrağa toxunma... onu qoruyacaqsan... – dedi və gözlərini yumdu. 
Elvinin son sözü "Ana" oldu. 
Yaralanmış Samir silahını sinəsinə sıxaraq düşmənin yaxınlaşmasına imkan vermədi. 
İsmayıl gülümsəyərək Natiqə baxdı:
— Məktəblilər görəcək bu bayrağı... qorxma... – dedi və gözlərini yumdu.
Natiq tək qaldı. 
Yoldaşları həlak olduqdan sonra o, məbədin içində səngər qazdı və döyüş boyunca yer dəyişərək düşmənin xeyli qüvvəsini məhv edə bildi. Beş saat ərzində xarabalıqların içində döyüşdü. Hər dəfə mövqe dəyişir, atəş açır, düşməni çaşdırırdı. Düşmən düşündü ki, içəridə bir rota var. Amma orada təkcə bir əsgər vardı — ürəyi min nəfərlik döyüşən bir əsgər.
Sonra bir səs gəldi:
  1. Təslim ol! Əsir götürdüklərimizi güllələyəcəyik!
Natiq bayraq ucalan məbədin damına qalxdı. Əlləri qan içində idi. Silahını yerə qoydu. Yavaş-yavaş bayrağa tərəf getdi. Qanlı barmaqları ilə onu tutub qaldırdı. Bayraq küləkdə yellənirdi. Gənc əsgər əsirləri xilas etmək üçün düşmən tərəfə addımladı.
Ayaqları palçığa batırdı, amma dayanmırdı. O an qorxu yox idi — sadəcə qürur vardı. Bayrağı başının üzərində tutaraq, tək, silahsız, amma məğlubedilməz şəkildə irəlilədi.
Düşmən susdu. Silahlar yerində dondu. Atəş açan olmadı. 
O an tarix yazıldı. 
Natiq bir xalqın iradəsini, təkbaşına ayağa qalxdığını göstərdi. Bayraq hələ də yellənirdi — onu göyə qaldırdıqca sanki göy də susurdu.
Sonralar bu hadisəni danışanda belə deyirdilər:
“O məbədin damında tək bir əsgər vardı... amma arxasında bütöv bir millət dayanmışdı…”
...Döyüşdən sonra nə Natiqin nəşi tapıldı, nə də hansısa xəbər gəldi. O geri dönmədi.
İllər keçdi...
Səmra, hər il Natiq gedən yola, o təpəyə baxırdı. Heç vaxt evlənmədi. 
— O mənə “Gələcəyəm” dedi, – deyirdi astadan. — Mən də söz vermişdim gözləyəcəyəm...
Kənddə hamı bilirdi — o təpəyə baxan bir qız var; ürəyi savaşda qalmış bir əsgərin gözləntisində donub. 
Səmranın gözlərində bir həyat deyil, bir taleyin yarımçıq hekayəsi yaşayırdı. 
...İllər keçdi. Natiqdən xəbər olmadı. Haqqında hərbi qeydlərdə də "itkin" yazıldı. Ailəsi, dostları, Səmra — hamı onu axtardı. Sanki torpaq onu udmuşdu.
Anası hər səhər qapıya baxırdı, sanki o qapı bir gün açılacaq və Natiq:
  1. Ana, gəldim… – deyəcəkdi. 
Atası səssizcə bağa çəkilər, köhnə kürsüdə oturub bir şey demədən günəşin batmasına baxardı.
Səmra isə... gözləyirdi. Gözləmək artıq vərdişə çevrilmişdi.
Bir gün təsadüfən bir xəbər gəldi. Xarici jurnalda yayımlanan bir məqalə — “O, Əsil Qəhrəmandır” adlı yazı sosial mediada paylaşılmağa başlandı. 
Məqalənin ortasında yer alan şəkil hər kəsi sarsıtdı.
Şəkildə dağlıq ərazidə, xarabalığa çevrilmiş məbədin fonunda əlində bayraq tutmuş bir əsgər irəliləyirdi. Gözləri düşmənin üstünə dikilmişdi, sinəsi dik, addımı qəti idi. Arxa fon dumanlı olsa da, siması aydın seçilirdi.
Bu — Natiq idi.
Məqaləni yazan jurnalist — əcnəbi hərbi müxbir — həmin gün təsadüfən bölgədə olmuşdu və uzaqdan o anı lentə almışdı. Məqaləsində belə yazırdı:
“...Mən sadəcə foto çəkirdim. Birdən bir əsgər bayraqla irəlilədi. Atəş səsləri dayandı. Sanki zaman dondu. Mən onun adını bilmirdim, amma o, bu savaşda gördüyüm ən güclü obraz idi. Əsl qəhrəman!”
Natiqin ailəsi jurnalistlə əlaqə saxladı və onu ölkəyə dəvət etdilər. O, həmin səhnənin şahidi olduğunu təsdiqlədi — amma Natiqin sonra hara getdiyini, sağ qalıb-qalmadığını bilmirdi.
Heç kim bilmirdi…
Aradan otuz il keçdi. Xalqımız düşmən üzərində misli görünməmiş qələbə çaldı. Natiqin dostları və yoldaşları həmin qədim məbədi ziyarət edir, xatirələrində o döyüşləri canlandırırlar. Oxuduğu məktəbə onun adı verildi.
Şəhidlər xiyabanında bulaq tikildi. Bulağın mərmər daşlarının üzərində Natiqin şəkli həkk olunub. Hər axşam ora bir qadın gəlir: əvəlcə əllərini Natiqin şəklinin üzərində gəzdirir, sonra yaxınlıqdakı oturacaqda əyləşib uzun müddət sanki onunla danışır.
Balaca bir oğlan ona yaxınlaşır. Natiqin şəklini göstərib soruşur:
— Xala, bilirsən, bu kimdir? Mənim də adım Natiqdir. Mən də byüyüb onun kimi qəhrəman olacam. 
... Səhər tezdən Natiqin anası — Məleykə xalanın evinə qonaqlar gəlib. Onlar ona Natiqin Milli Qəhrəman adına layiq görüldüyü barədə müjdəni çatdırırlar. Sənədləri və medalı təqdim edirlər. 
Ailəsinin bir arzusu isə hələ də qəlblərindədir: Bir gün olsun ki, Natiqin sağ-salamat evə döndüyü müjdəsini də eşitsindlər... 
 
Müəllif:  Leyla Fərat 
              Yazıçı, filoloq, tərcüməçi