Şəhid ailələrindən Şəfa Allahverdiyevaya doğum günü sürprizi - VİDEO

Şəhid ailələrindən Şəfa Allahverdiyevaya doğum günü sürprizi - VİDEO

Masallı rayonunda bir sıra böyükmiqyaslı, sosial yönümlü xeyriyyə təşəbbüslərinə imza atan, rayonun ictimai həyatında fəal mövqeyi ilə seçilən “Viləş” Uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın doğum günüdür.

Şəfa xanım bu il doğum gününü təntənəli şəkildə qeyd etməyi planlaşdırmasa da bu əlamətdar günündə xoş və duyğulandırıcı bir sürprizlə qarşılaşıb. Masallı rayonundan olan bir qrup şəhid valideyni onun rəhbərlik etdiyi “Viləş” Uşaq bağçasına gələrək, Şəfa Allahverdiyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik ediblər.
Şəhid valideynləri görüş zamanı Şəfa xanımın hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi minnətdarlıqla vurğulayıblar. Onun şəhid ailələrinin yanında olmasını yüksək dəyərləndirən valideynlər, bu münasibətin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildiriblər. Ünvanına səsləndirilən xoş sözlər və səmimi arzular görüşə xüsusi isti ab-hava qatıb.

Görüş zamanı şəhid ailələri adından Şəfa Allahverdiyevaya "Təşəkkürnamə" təqdim olunub. Bundan əlavə, üzərində Şəfa xanımın fotosu əks olunan, xüsusi hazırlanmış xalça ona hədiyyə edilib. Bu mənəvi dəyəri yüksək olan hədiyyə onun şəhid ailələrinə göstərdiyi daimi diqqət və humanist mövqeyin rəmzi kimi təqdim olunub.

Səmimiyyət və ehtiramla keçən bu görüş Şəfa Allahverdiyevanın doğum gününü daha da mənalı edib, cəmiyyətdə şəhid ailələrinə verilən dəyərin və göstərilən hörmətin bariz nümunəsinə çevrilib.