“Quyruqsuz dovşan” səhnəyə çıxır

“Quyruqsuz dovşan” səhnəyə çıxır

Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni səhnə işinin məşqləri başa çatmaq üzrədir. Kuklaçılar bu dəfə Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesinə müraciət ediblər.
Maraqlı və ibrətamiz hadisələrlə zəngin əsər əsasında, tərcüməçi Zümrüd Quliyevanın uyğunlaşdırmasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası martın sonlarında teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı isə Rəna Abbasovadır. Musiqi tərtibatlı səhnə işində obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Elnur Xəlilov, Bayram Ağamalıyev, Səbinə Məmmədova, Elnarə Hacıyeva,  Yusif Baxşəliyev və Məmmədşah Təhməzov canlandırırlar.
Özünə inam və fərqlilikdən utanmamaq ideyasını ön plana çəkən tamaşa dovşanın ehtiyatsızlıq və maraq ucbatından quyruğunu itirməsi ilə başlayır. Quyruqsuz qalan qəhrəman utanır, kədərlənir və özünü digərlərindən fərqli hesab edərək mənəvi sarsıntı keçirir. Bəzi heyvanların istehzalı münasibəti, digərlərinin isə dəstəyi onun daxili dünyasında ciddi dəyişikliklərə səbəb olur. Hadisələrin inkişafı prosesində dovşan anlayır ki, fərdi dəyəri müəyyən edən zahiri görünüş deyil, daxili keyfiyyətlər və davranışdır.

Psixoloji alleqoriya kimi təqdim olunan tamaşada əsas konflikt zahiri hadisədən – quyruğun itirilməsindən doğsa da, əslində qəhrəmanın özünü dərk etməsi və özünü olduğu kimi qəbul etməsi ilə həll olunur. Dovşanın keçirdiyi sevinc, həyəcan, utanc və böhran mərhələləri onun daxili transformasiyasını nümayiş etdirir.
Müsbət sonluqla bitən tamaşada dovşan dostlarının köməyi ilə yenidən özünə inam qazanır.
Teatrın mətbuat xidməti