Masallıda bələdiyyə torpaqları ilə bağlı narazılıqlar var

Masallıda bələdiyyə torpaqları ilə bağlı narazılıqlar var

Masallı rayonunda bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı sakinlərin narazılığı artmaqdadır.

Fakt.info
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış jurnalist Sima Babayeva tərəfindən yayılan məlumatda ciddi iddialar yer alır.

"Masallı rayonunda bələdiyyə torpaqları ilə bağlı narazılıq çoxalıb. Bir neçə dəfə bu barədə yazmışam. Referans Media olaraq Masallı rayonuna gedib şikayətçilərin problemlərini yerində araşdırmaq istədik.

Rayon İcra Hakimiyyətində olduq. Gələn sakinlərlə birlikdə icra hakimiyyətinin məsul işçiləri vətəndaşları narahat edən məsələləri müzakirə etdik.

Sevindirici haldır ki, biz orada olarkən icra hakimiyyəti torpaq sahəsi ilə bağlı problemini işıqlandırdığımız Heybətov Əmirşah Vəliş oğlunun şikayətinə də baxıb müsbət şəkildə həll etdilər.
Camaatın əsas giley-güzarı bələdiyyələrdən, əsasən də Masallı rayonu Musaküçə bələdiyyəsindəndir. Şikayətçilər deyirlər ki, bu bələdiyyənin 18 ha ehtiyat torpaq fondu var.

Lürən kəndində də 15 ha belə torpaq sahəsi mövcuddur. Bələdiyyə həmin torpaqlara öz mülkiyyət hüququnu alıb çıxarış almalı, sonra həmin sahələri hissə-hissə (təxminən 1 ha) hərraca çıxarmalıdır. Amma bunlar 300–500 manat qarşılığında bu torpaq sahələrini satırlar.
Bu işə də qeyri-qanuni şəkildə Musaküçə bələdiyyəsinin sədr müavini olan Nizami Rzayev başçılıq edir. Vətəndaşlar bildirirlər ki, Musaküçə bələdiyyəsinin sədri Eldəniz Kərimovun əmisi Xalq Cəbhəsi Partiyası Masallı Rayon Təşkilatının sədridir.

Dayısı vaxtilə AMİP-in rəhbərlərindən olub. Hətta Eldəniz bəy seçki təbliğatı dövründə cənab Prezident İlham Əliyevin plakatlarını cırdığına görə onun atası ərazi nümayəndəsinin müavini vəzifəsindən çıxarılıbmış.

Sonradan necə olubsa, yenidən dövlət işlərində peyda olub. Yəni bunlar belə bir xislətdə olan məxluqlardır. Hər partiyadan, hər istiqamətdən bunlarda adam var. Hakimiyyətə kim gəlsə, özlərinə yer tapmaq üçün hər tərəfdən yapışıblar.
Eldəniz Kərimovun da bələdiyyə sədri seçilməyinə maddi dəstəyi müavini Nizami Rzayev edib. Ona görə də o, müavininə heç bir söz deyə bilmir. Nizami Rzayev də qeyri-qanuni bələdiyyə protokolu ilə özünü sədr müavini etdirib ki, rəsmi şəkildə əməkhaqqı yazdıra bilsin.

Onları övladlarının taleyi də birləşdirir. Eldəniz Kərimovun, Nizami Rzayevin oğlanları hərbi mükəlləfiyyəti yerinə yetirməyiblər. Eldəniz Kərimovun əli daha uzun olub, oğullarını Kanadaya qaçırdıb. Nizami Rzayevin oğulları isə İkinci Qarabağ müharibəsinə çağırışdan gizləniblər.

Beləliklə, Masallıda bir qrup işbaz dövlətin malı hesabına mal-mülk sahibi olurlar. Heç kim də onlara “gözün üstdə qaşın var” demir. Bəlkə də paytaxtda əlaqədar təşkilatlar bu oyunlardan bixəbərdirlər.
Hər halda biz yazıb bir daha xəbəri olmayanları xəbərdar edirik. Masallı rayonunda bələdiyyə torpaqları bəzi bələdiyyə əməkdaşlarının gəlir mənbəyinə çevrilib. Kəndlilərin əkib-becərdiyi torpaq sahələrini əllərindən alıb pul müqabilində başqalarının adına keçirir, müxtəlif maneələr yaradırlar.

Bütün bunlar əhali arasında narazılıq yaradır. Narazılıq böyüyəndə isə belə adamlar dəlmə-deşikdə gizlənib vətəndaşla dövləti üz-üzə qoyur. Aidiyyəti dövlət orqanları nəhayət hərəkətə keçsinlər. Yoxsa bu vəziyyət pis nümunə kimi başqa yerlərdə də təkrar oluna bilər.

Qeyd edək ki, bu yazı jurnalist Sima Babayevanın şəxsi Facebook hesabında paylaşdığı mətndir.

Fakt.info xəbər saytı olaraq, məsələdə adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə və onların açıqlamalarını yayımlamağa hazırıq.