Kredit götürənlərin nəzərinə - Müqavilədə oxumadan keçdiyiniz o bənd

Kredit götürənlərin nəzərinə - Müqavilədə oxumadan keçdiyiniz o bənd

Bank kreditləri götürən şəxslərin üzləşdiyi ən böyük problem reklam edilən faizlərlə faktiki ödənişlər arasındakı fərqdir. Bir çox hallarda elanlarda cazibədar görünən rəqəmlər real ödəniş zamanı artır. Bu vəziyyət vətəndaşların büdcəsinə birbaşa təsir edir və əlavə maliyyə yükü yaradır.
Fakt.info xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, Mərkəzi Bank artıq bunu tənzimləyib:
"Kreditlə bağlı bütün xərclər, o cümlədən komissiya xərcləri, faiz xərcləri və xidmət haqları kreditin ümumi dəyərinə daxil edilir. Sığorta xərcləri də ayrıca göstərilir. Bank müştəriyə kredit verərkən bütün bu xərcləri nəzərə alaraq effektiv faiz dərəcəsi barədə məlumat vermək və bunu müqavilədə göstərmək öhdəliyi daşıyır. Bu tələb məcburidir və banklar bundan kənar şəkildə kredit təqdim edə bilməzlər.
Məsələn, bank reklamda nominal faiz dərəcəsini göstərir, amma effektiv faiz dərəcəsi daha geniş anlayışdır. Buraya faizlə yanaşı, komissiyalar, xidmət haqları və kreditlə bağlı digər ödənişlər də daxildir. Yəni effektiv faiz dərəcəsi müştərinin kredit üzrə faktiki ümumi yükünü ifadə edir. Bu göstərici həm məlumatlandırma mərhələsində açıqlanır, həm də müqavilədə mütləq şəkildə qeyd olunur".

Bankların marketinq fəndlərinə diqqət çəkən mütəxəssis müştəriləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, banklar bəzən faizi aşağı qoyub komissiyanı qaldırır, bəzən də komissiyasız kampaniya elan edib faizləri yüksəldirlər.

"Məsələn, ya aşağı faiz göstərib komissiyanı artırırlar, ya da "komissiyasız kredit” deyib faizi bir qədər yüksəldirlər. Bu cür üsullar müştərini cəlb etmək məqsədi daşıyır. Amma yekunda müqavilə imzalanarkən müştəriyə bütün şərtlər tam şəkildə təqdim olunur və effektiv faiz dərəcəsi açıq göstərilir. Ona görə də müştərinin özü də müqayisə aparmalıdır. Kredit götürərkən məsuliyyət yalnız bankın üzərində deyil. Müştərinin də məlumat almaq və şərtləri öyrənmək hüququ var. Necə ki, hər hansı məhsul alarkən qiymətə baxılır, kredit götürərkən də onun "qiyməti” sayılan effektiv faiz dərəcəsinə diqqət yetirilməlidir",- deyə o bildirib. 

Yəni, bankdan kredit götürərkən yalnız elan edilən faizə aldanmamalı, komissiya və digər gizli xərclərin də daxil edildiyi real yekun faiz dərəcəsini mütləq müqavilədə yoxlamaq lazımdır.