Gülmirə Məmmədova üçün özəl gün

Gülmirə Məmmədova üçün özəl gün

AD GÜNÜNÜZ MÜBARƏK, GÜLMİRƏ XANIM!

Hər peşənin, hər sənətin öz gözəlliyi var. Lakin müəllimlik bütün peşələrin fövqündə dayanan müqəddəs peşədir. Yetişməkdə olan gənc nəslin könül dünyasının memarı olan müəllim həm də öz şagirdlərinin ən ümdə arzularını reallığa çevirmək üçün yol göstərən mayakdır. Cəmiyyətimiz müəllim əməyinin nəticəsində formalaşır, inkişaf edir. Xoşbəxt o müəllimdir ki, şagirdləri ilə özü arasında ünsiyyət qurur, onların qəlbinə yol tapır, onlara Vətən,  millət sevgisini aşılaya bilir. Bu mənada müəllimlik həm də mənəvi missiya və ilahi sənətdir. Şərq mənbələrində Əflatun kimi tanınan qədim yunan filosofu Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir...”   
Sevib-seçdiyi müəllimlik sənətini ömrünün ayrılmaz hissəsi hesab edən Gülmirə Məmmədova da 30 ildən çoxdur ki, pedaqoji fəaliyyətlə məşğul olur. Hal-hazırda Bakı şəhəri Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədridir. Özünün dediyinə görə, adı Azərbaycan ədəbiyyatının ən çox sevilən yazıçılarından biri - Əlibala Hacızadənin “Təyyarə kölgəsi”  əsərindən götürülüb. Bəlkə ona görədir ki, daim axtarışda olan Gülmirə müəllim pedaqoji fəaliyyəti ilə yanaşı özü də ara-sıra bədii yaradıcılıqla məşğul olur. Belə ki, Azərbaycan Sərhəd  Mühafizəsinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçirilən müsabiqədə "Arzuların sərhəddi olmur"  publisistik məqaləsinə görə 2-ci yerə və pul mükafatına layiq görülüb. 2021 -ci ildə  isə Mədəniyyət nazirliyinin elan etdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə isə qələmə aldıığı “Snayper qız" hekayəsinə görə Gülmirə Məmmədova "Həvəskar yaradıcı şəxslər" kateqoriyası üzrə fəxri diplomla təltif olunub. 
   Məqalələrinin birində Gülmirə xanım qeyd edir ki, ölkənin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə, xalqına bağlılığından asılıdır. Şagirdlərin hərtərəfli inkişafı isə ilk növbədə ümumtəhsil məktəblərində çalışan  müəllimlərin çiyninə düşən çox  məsuliyyətli, lakin şərəfli bir yükdür...   
   Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri və müəllimi Gülmirə Məmmədovanın təşəbbüsü ilə məktəbdə milli mənəvi dəyərlərə həsr olunmuş maarifləndirici tədbirlər təşkil olunur. Onunla çiyin-çiyinə çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri İlhamə Paşayeva, Fatma Quliyeva, Arzu Zeynalova, Ülkər Qasımova, Günnür İsgəndərova, Şəmsiyyə Bayramova tədbirlərin daha canlı və səmərəli  keçməsi üçün ənənəvi üsullarla yanaşı, vizual təlim metodlarından istifadə edirlər. Tədris prosesində uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək, Vətən sevgisi və mənəvi keyfiyyətlərin formalaşdırılması məqsədilə konfrans zalında və siniflərdə keçirilən tədbirlərdə Azərbaycan rejissorlarının məktəb həyatından bəhs edən kinofilmləri nümayiş olunur. Nümayişdən sonra izlədikləri film barədə şagirdlərlə fikir mübadiləsi aparılır. "Bizim Cəbiş müəllim", “Bir qalanın sirri” və  başqa filmlərin nümayişi təkcə tədris prosesini darıxdırıcı olmaqdan çıxarmır, həm də  onların vizual qavrayışını və tənqidi təfəkkürünü gücləndirir.
 Məktəbin ədəbiyyat müəllimləri məktəbin kitabxanasında “Oxu dəqiqələri”, dəyirmi masalar keçirir, şagirdlərin xüsusi maraq göstərdiyi mövzulara klassik və müasir yazıçıların seçilmiş əsərləri geniş şəkildə müzakirə olunur.
Bundan başqa Azərbaycan dili və ədəbiyyat müəllimlərinin dərsdinləmələri məktəbin  direktoru, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Sevinc xanım Budaqova ilə müzakirə olunur, onların tətbiq etdiyi metod və yanaşmalar dəyərləndirilir. 
  Onu da qeyd edək ki, məktəbin əsas devizi  belədir: "Bu günün yüksək təhsili, sabahın parlaq gələcəyi, inkişafın qarantıdır."  Məhz  peşəkar  pedaqoqların səyi nəticəsində 46 saylı məktəb  bu gün Bakının ən qabaqcıl və nüfuzlu təhsil müəssisələrindən biri kimi tanınır. Məktəb yüksək tədris göstəriciləri, beynəlxalq olimpiada uğurları və məzunlarının yüksək universitet nəticələri ilə seçilir. Təsadüfi deyil ki, məktəb iki dəfə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Son beş ildə məktəbin 42 məzunu 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.  
  Ulu Tanrı şagirdlərinin sevimlisi, sidq ürəklə sevdiyi müəllim olmaq statusunu hər kəsə nəsib etmir. Bu gün ad günü olan Gülmirə Məmmədova, eləcə də onun həmkarlarının hər biri  bütün varlığı ilə şagirdlərə yüksək bilik verməyi, onları bir şəxsiyyət kimi yetişdirməyi qarşısına ümumi məqsəd kimi qoyub. Onlar gözlərinin nurunu, qəlblərinin odunu, ürəklərinin sevgisini öz şagirdlərindən əsirgəmirlər. 
   Ağabəy Novruzbəyli adına 46 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat metdobirləşməsinin sədri və müəllimi Gülmirə Məmmədova haqqında bu kiçik təbrik yazımı şair-alim İbrahim Yusifoğlunun “Müəllim ömrü” şeirinin bu misraları ilə bitirmək istəyirəm:

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

Gülmürə xanımı ad günü münasibətilə təbrik edir,  ailə həyatında  xoşbəxtlik və gələcək pedoqoji fəaliyyətinlərində ona uğurlar arzulayırıq.

 Aksana Axundova