Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Zamanın Ziyalısı" adlı sərgi təşkil olundu.
Beynəlxalq Qalereyada YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə layihə rəhbəri Aygün Əzizovanın olduğu 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Zamanın Ziyalısı" adlı sərgi təşkil olundu.
Sərgi, təhsilin cəmiyyətin inkişafındakı rolunu vurğulayan və müəllimlərin əvəzsiz xidmətlərini sənət dili ilə ifadə edən unikal bir tədbir oldu. Bu, yalnız bir incəsənət tədbiri deyil, həm də müəllimlərə olan minnətdarlığın və hörmətin ifadəsi idi.
Sərgidə 30 rəssam öz fırçaları ilə təhsilin keçmişi, bu günü və gələcəyinə dair düşüncələrini ifadə edən əsərlərlə çıxış etdilər. Hər bir tablo müəllim obrazını yalnız dərs deyən şəxs kimi deyil, həm də zamanın ruhunu formalaşdıran ziyalı kimi təqdim edirdi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları və qonaqları salamlayaraq, müəllimlik peşəsinin müqəddəsliyindən danışdı. O, müəllimlərin cəmiyyətin mənəvi dayağı olduğunu vurğulayaraq, bu günün onların şərəfinə keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Tədbirdə fəxri qonaq qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Səmayə Rzayeva iştirak edirdi. Onun çıxışı müəllimlik sənətinin dərinliklərinə işıq salaraq, sərginin ruhuna xüsusi bir dəyər qatdı.
Sonda iştirakçılara Fəxri Fərmanlar təqdim olunub xatirə fotoları çəkildi.


Müxbir: Aygün Oqtay
Foto-operator: Ayaz