Cəlilabadda yerli gənclər üçün insan alverinə dair yeni bir layihənin icrasına başlanıldı

Cəlilabadda yerli gənclər üçün insan alverinə dair yeni bir layihənin icrasına başlanıldı

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 11 iyun tarixində Cəlilabad şəhərində İnsan alverinə qarşı mübarizə maariflənmədən başlayır!” layihəsi ilə əlaqədar 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yarım günlük təlim kursu təşkil edilmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirilən təlim kursunda Cəlilabad rayonu üzrə 16-29 yaş arası 28 nəfər gənc olmaqla, 21 nəfər qız və 7 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Vüqar Cavadov, təlimçi qismində Astara Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Fərrux Əliyev, ekspert qismində isə Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.   Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan təlim kursunda işçi heyətlə iştirakçılar arasında insan alverinə dair bir çox mövzular – İnsan alveri haqqında ümumi məlumatİnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları, İnsan alveri qurbanlarının ehtiyacları və problemləri, İnsan alverinə qarşı milli və beynəlxalq qanunvericilik, Azərbaycanda insan alverinə qarşı mübarizə, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Qaynar xətt – 152, İnsan Alverinə qarşı Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyası müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur.

Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.   

Qeyd edək ki, 01 may – 31 iyul 2026-cı il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi insan alveri və insan alverinə qarşı mübarizə barədə gənclərin regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.

Əlavə edək ki, 16-29 yaş arası 25 nəfər gənc üçün növbəti yarım günlük təlim kursları 18.06.2026-cı il tarixində Masallı, 25.06.2026-cı il tarixində Astara, 02.07.2026-cı il tarixində isə Lənkəran şəhərində təşkil olunacaqdır.

 

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi (epsaya.az)