Günəş altında bu saatlarda ehtiyatlı olun: Dəri xərçəngi riskini artıra bilər
Yay aylarında tez-tez rast gəlinən günəş yanıqları təkcə müvəqqəti qızartıya səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, uzun müddət qorunmadan günəş altında qalmaq dəri hüceyrələrinin DNT-sində zədələnmələr yarada, erkən qocalma, qalıcı piqment ləkələri və dəri xərçəngi riskini artıra bilər.
Yay mövsümündə dəniz və istirahət mövsümünün canlanması ilə yanaşı, günəş şüalarının sağlamlığa mənfi təsirləri də yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə saat 10:00–16:00 arasında ultrabənövşəyi (UV) şüaların təsiri maksimum səviyyəyə çatır və bu saatlarda qorunmadan günəş altında qalmaq qısa müddətdə ciddi yanıqlara səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, günəş yanıqlarını sadəcə dəri qızartısı kimi qiymətləndirmək düzgün deyil. UV şüaları dərinin yalnız üst qatını deyil, hüceyrə səviyyəsində DNT-ni də zədələyə bilər. Bu isə zaman keçdikcə erkən dəri qocalması, piqment ləkələri və dəri xərçənginin yaranma ehtimalını artırır.
Dermatoloq Dr. Mələk Kəsir Koçun sözlərinə görə, uşaqlar, yaşlılar və açıq dərili insanlar günəş yanıqlarına qarşı daha həssasdırlar. Körpə və uşaqların dərisi daha nazik olduğu üçün UV şüaları dərinin dərin qatlarına daha asan nüfuz edir.
Mütəxəssis 6 aydan kiçik körpələr üçün qoruyucu geyim və enli kənarlı papaqlardan istifadə etməyi, daha böyük uşaqlarda isə mineral filtrli SPF 50+ günəş kremlərinə üstünlük verilməsini tövsiyə edir. Yaşlı insanlarda isə dərinin bərpa qabiliyyətinin zəifləməsi və bəzi dərmanların günəşə həssaslığı artırması riski yüksəldir