Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?

Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?

Son günlər bazarlarda və marketlərdə limonun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Hazırda bəzi satış məntəqələrində limonun bir kiloqramı 6-7 manata təklif edilir, iri market şəbəkələrinin bəzilərində isə qiymət bundan da yüksəkdir.

İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, limonun 6-7 manata satılması, təkcə mövsümi amillərlə bağlı məsələ deyil:

"Limonun 6-7 manata satılması, təkcə mövsümi amillərlə bağlı məsələ deyil. Burada logistika, idxal və digər əlavə xərclər də nəzərə alınmalıdır. Ölkədə limona olan tələbat tam şəkildə daxili istehsal hesabına ödənilmir. Buna görə də idxala ehtiyac yaranır. İdxal zamanı isə əlavə problemlər meydana çıxır. Məsələn, idxalçı gömrük bəyannaməsində məhsulu 60 sentə aldığını göstərsə belə, bəzi hallarda gömrükdə onun dəyəri şərti olaraq 1 manat 10 sent kimi müəyyən edilir. Yəni məhsulun gömrük dəyəri faktiki alış qiymətindən fərqli hesablanır. Nəticədə idxal xərcləri artır və bu da son satış qiymətinə təsir göstərir. Dövlət Gömrük Komitəsində məhsulların gömrük dəyərini müəyyən edən mexanizm mövcuddur. Halbuki bazarda qiymətləri inzibati qaydada deyil, tələb və təklif müəyyən etməlidir.  Bu gün limonun qiymətinin 6-7 manata çatması göstərir ki, inflyasiyanın bir hissəsini özümüz yaradırıq”. 

O qeyd edib ki, digər əsas problem isə Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı modelindədir: 

"Digər əsas problem isə Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı modelidir. İllərdir aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayrılır, subsidiyalar verilir, güzəştli kreditlər təqdim olunur. Buna baxmayaraq, bazarda ən sadə kənd təsərrüfatı məhsullarından biri olan limonun qiyməti 6-7 manata yüksəlirsə, bu artıq təkcə bazarın deyil, mövcud aqrar modelin də problemi kimi qiymətləndirilməlidir. Son müşavirədə də ölkə başçısı kənd təsərrüfatı sahəsində müəyyən nöqsanlara dolayı yolla toxundu. Verilən mesaj ondan ibarət idi ki, bu qədər dövlət vəsaiti ayrıldığı halda aqrar siyasətin icrasında ciddi problemlər mövcuddur. Məncə, bu sahədə KPI (əsas fəaliyyət göstəriciləri) sistemi tətbiq edilməlidir. Ümumiyyətlə, dövlət idarəçiliyinin bütün sahələrində fəaliyyət nəticələri ölçülməli, üzərinə düşən vəzifəni yerinə yetirməyən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Necə ki, əməkhaqqı, mükafat və bonus sistemi mövcuddur, eyni qaydada məsuliyyət və cəza mexanizmi də işləməlidir.